Bakı. Trend:
Xəzəryanı ölkələrin iri şirkətləri nəqliyyat sahəsində effektiv əməkdaşlıq edə bilərlər.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Səid Rəsuli Tehranda təşkil olunan Xəzəryanı ölkələrin İqtisadi Forumunda “Yükdaşıma və nəqliyyat əməkdaşlığı və texniki-mühəndislik xidmətləri” panelində etdiyi çıxışında deyib.
Onun sözlərinə görə, köhnə üsullardan çıxaraq, rəqəmsal nəqliyyat dəhlizlərinin qabaqcıl sahəsinə daxil olmaqla, Xəzəryanı ölkələrin mənafeyini təmin etmək olar:
"Xəzər dənizinin şimal-cənub, şərq-qərb istiqamətlərində dəniz, yol və dəmiryolu nəqliyyatının ticarət məqsədilə faydalı olması istiqamətində dəhlizlərlə əlaqədar iqtisadi, ticarət, yükdaşıma və tranzit razılaşmalardan ölkələrin maksimum şəkildə yararlanması əhəmiyyət kəsb edir".
Rəsuli deyib ki, Xəzəryanı ölkələrdən iki və ya üçünün bir sıra təşkilatlarda, o cümlədən, Şimal-Cənub Beynəlxalq Dəhlizi, Aşqabad tranzit razılaşması, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA), Xəzəryanı dövlətlərin iqtisadi və ticarət əməkdaşlığı razılaşması, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı üzvlüyü diqqəti cəlb edəcək dərəcədə imkanlar yaradıb.
Nazir müavini təklif edib ki, Xəzəryanı ölkələrin iri şirkətləri birgə iş çərçivəsində nəqliyyat sahəsində effektiv əməkdaşlıq edə bilərlər.
Qeyd edək ki, 17-18 fevralda Tehranda Xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) İqtisadi Forumu keçirilir.