Bakı. Trend:
Sahibkarlar tərəfindən indiyədək Sumqayıt Kimya Sənaye Parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Sumqayıt Kimya Sənaye Parkına Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov jurnalistlərə açıqlamasında məlumat verib.
O, əvvəlcə 30 apreldə dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin açılış mərasiminin keçirildiyini xatırladıb: “Belə ki, tikinti kimyəvilərin və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisələri fəaliyyətə başladı.
Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə ölkəmizin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 88-ə, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatdı”.
E. Kazımovun sözlərinə görə, yeni müəssisələrin fəaliyyətə başlaması Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək: “Fəaliyyətə başlayan bu 2 müəssisənin ümumilikdə investisiya kapitalı 44 milyon manatdan çoxdur, I mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə əlavə olaraq 200 nəfərlik də iş yerinin yaradılması nəzərdə tutulur.
İlkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək”.
E. Kazımov qeyd edib ki, bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır: “Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.
Qeyd edim ki, hazırda olduğumuz Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ə böyük sənaye parkıdır ərazisi 613 hektardan çoxdur”.
“Hazırda Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6200-dən çox insan daimi işlə təmin olunub. Həmçinin mövcud layihələr üzrə növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2700-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur”, - deyə qurumun sözçüsü əlavə edib.
E. Kazımovun sözlərinə görə, indiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 13,88 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 4,88 milyard manatlıq hissəsi ixracın payına düşür: “Cari ilin I rübü ərzində Sənaye Parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2%, ixrac isə 17,2% artıb.
Bu ilin I rübü ərzində Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5%, ixracında isə 26,1% təşkil edib”.