Bakı.Trend:
2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən çox sərnişinə xidmət göstərilib.
Trend xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min olub. Bu həcmin 51,2%-i xarici aviaşirkətlərin, 3 milyon 362 min sərnişin isə milli aviadaşıyıcının payına düşüb.
İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilən istiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.
Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da 2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən 30% artım deməkdir.
