Bu günlərdə "İP" Reklam və PR Şirkətinin nümayəndələri Bakının Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda yaşayan sakinlərlə görüşüblər. Pansionatın yeməkxanasında, idman zalında, kitabxanasında, eyni zamanda qocaların qaldığı kiçik otaqlarda olan şirkət nümayəndələri sevgiyə, qayğıya möhtac olan ağsaqqal və ağbirçəklərin yaşayışı və problemləri ilə maraqlanıb, eyni zamanda onlara ərzaq yardımı da aparıblar.
Azərbaycanın ilk PR Şirkətlərindən biri olan "İP" Reklam və PR Agentliyinin nümayəndələri internat və qocalar evlərində tez-tez müxtəlif səpkili xeyriyyə tədbirləri həyata keçirdiklərini söyləyərək, bundan sonra da burada məskunlaşan yaşlı nəsli tez-tez baş çəkəcəklərinə söz verdilər.
Qeyd edək ki, Bilgəhdə yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın hazırda 70-ə yaxın sakini var. Bu pansionatda müxtəlif səbəblərdən məskunlaşan yaşlılar arasında yeriməkdə çətinlik çəkən, lakin həyatdan küsməyib bütün gününü pansionatın kitabxanasında keçirərək maraqlı məqalələr yazan və gələn qonaqlar üçün qarmonu ilə gözəl ifalar yaradan, həyatının son baharında isə özünə ömür-gün yoldaşı tapıb xoşbəxt olan 81 yaşlı Qriqori Sapunov da var, ürək, şəkər, yüksək təzyiq kimi müxtəlif xəstəliklərdən əziyyət çəkdiklərini söyləyib ziyarətçilərdən dərman peraparatları istəyən ağsaqqal və ağbirçəklərimiz də, sadəcə mənəvi dəstəyə ehtiyac duyaraq onları ziyarət edəcək insanların yolunu gözləyənlər də...