...

Azərbaycan artıq illik taxıl ehtiyatının yarısını yaradıb - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2010 19:39 (UTC +04:00)
Azərbaycan Fövqaladə Hallar Nazirliyi 115 min ton həcmində taxıl ehtiyatı yaradıb. Bunu cümə günü fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Azərbaycan artıq illik taxıl ehtiyatının yarısını yaradıb - nazir

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Fövqaladə Hallar Nazirliyi 115 min ton həcmində taxıl ehtiyatı yaradıb. Bunu cümə günü fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

"Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə illik taxıl ehtiyatı 260 min ton təşkil etməlidir və bu gün artıq nazirlik tərəfindən icarəyə götürülən anbarlarda 115 min ton taxıl mövcuddur", - nazir bildirib.

Onun sözlərinə görə, taxıl ehtiyatının yaradılması üçün hazırda anbarlar tikilir. Bu gün artıq Naxçıvanda 30 min ton taxıl tutumuna malik anbar istismara verilib, may-iyun aylarında isə Gəncədə 60 min ton tutuma malik anbarın inşası başa çatacaq.

"Yaxın zamanlarda Bakının Qaradağ rayonunun Sanqaçal ərazisində taxıl ehtiyatlarının saxlanması üçün anbarların inşasını başa çatdıracağıq", - nazir deyib.

Bu obyektlərin inşasından sonra Bakıda 100 min ton taxıl saxlamaq gücünə malik terminal inşa ediləcək.

"Ehtiyat yüksəkkeyfiyyətli taxıldan yaradılır, bu barədə fermerləri yüksək kriteriyalar təqdim edərək məlumatlandırmışıq", - Heydərov bildirib.

Onun sözlərinə görə, bu gün digər ölkələrlə müqayisədə Azərbaycanda fermerlərə, xüsusilə də taxıl istehsalı ilə məşğul olan fermərlərə böyük diqqət ayrılır. Onlara mineral gübrələr və duru yanacaq alınması üçün ödənişlərin 50 faizini ödəmək məqsədi ilə maddi yardım verilir. Bundan başqa, Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçıları bütün vergilərdən azad ediliblər (torpaq vergisindən savayı).

Əvvəllər taxıl və un üzrə dövlət ehtiyatını Kənd Təsərrüfatı Nazirliyi həyata keçirirdi. 2008-ci il aprelin 23-də Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Taxıl Fondu Fövqəladə Hallar Nazirliyinin sərəncamına verilib.

2009-cu ildə Azərbaycan taxıl məhsulları istehsalında rekord göstərici əldə edib ki, bu da qarğıdalı məhsulunun nəzərə alınması ilə üç milyon ton taxıl təşkil edib. Azərbaycan eləcə də Rusiya, Türkiyə və Qazaxıstandan taxıl idxal edir. Azərbaycanda taxılın illik tələbatı üç milyon ton təşkil edir ki, bunun da bir milyon tonu idxal edilir.

Xəbər lenti

Xəbər lenti