...

Bakı kondisionerlər zavodu özəlləşdirilməyə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2011 17:32 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Bakı Kondisioneri" ASC-nin səhmlərinin 90,3 faizini investisiya müsabiqəsinə çıxarıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü dövlət komitəsinin məlumatında deyilir.
Bakı kondisionerlər zavodu özəlləşdirilməyə çıxarılıb

Azərbaycan, Bakı, 12 mart/Trend/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi "Bakı Kondisioneri" ASC-nin səhmlərinin 90,3 faizini investisiya müsabiqəsinə çıxarıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü dövlət komitəsinin məlumatında deyilir.

Paket investisiya müsabiqəsinin standart paketindən (85 faiz) və əmək kollektivinə güzəştli satışdan qalan (5,3 faiz) səhmlərdən formalaşdırılıb.

Müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.

İddiaçılar beynəlxalq standartlara cavab verən sənaye və məişət kondisionerlərinin istehsalının təşkili məqsədilə investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə investisiya proqramını təqdim etməlidirlər.

İddiaçıların ciddiliyini təsdiq edən, onun tərəfindən müsabiqənin şərt və tələblərinin icra olunacağına təminat verən 300 min manat məbləğində (və ya ödəniş gününə valyuta məzənnəsinə uyğun olan valyutada) hər hansı bankın zəmanət məktubunu təqdim etməlidrlər. Bundan başqa, dövlət büdcəsinə 950 min manatın köçürülməsi barədə təkliflər də təqdim edilməlidir.

İddiaçılar müsabiqənin tələbləri və əlavə məlumatı 12 aprel 2011-ci il tarixinədək saat 10:00-dan 17:00-dək Bakı şəhəri, Y.Səfərov küçəsi, 20, ünvanına müraciət etməklə əldə edə bilərlər. Sənəd və təkliflər də 12 aprel 2011-ci il tarixinədək saat 10:00-dan 17:00-dək qəbul edilir. Təkliflər 14 aprel 2011-ci il tarixdə saat 15:00-da qiymətləndiriləcək.

Dövlət komitəsinə 490-24- 08 (daxili 242) saylı telefon nömrəsinə zəng vurmaqla əlavə məlumat əldə etmək olar.

Müəssisə Bakı şəhərində A.Qayıbov küçəsində yerləşir. 1975-ci ildən fəaliyyət göstərən müəssisənin fəaliyyəti məişət kondisionerlərinin və digər xalq istehlakı mallarının istehsalı və satışından ibarətdir.
2011-ci il yanvarın 1-nə olan vəziyyətə görə, ASC-nin nizamnamə kapitalı 1926,06 min manat təşkil edir. Bu məbləğə hər birinin nominal dəyəri 2 manat olan 963030 səhm buraxılıb. Müsabiqənin mövzusu nominal dəyəri 1739,232 min manat olan 869616 səhmdir.

Müəssisənin ümumi öhdəlikləri 3859,865 min manat, o cümlədən əməkhaqqı və ona bərabər borclar üzrə 836,815 min manat, mal, iş və xidmətlərə görə borclar 1532,473 min manat təşkil edir. Müəssisənin debitor borcları 369,819 min manatdır. Müəssisənin ştatı 581 nəfərdir.

Martın 12-nə olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti