Azərbaycan, Bakı, 14 mart /Trend/
2011-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 1,4 faiz artıb. Bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsindən məlumat veriblər. ÜDM-in göstəricisi cari qiymətlərlə 6,7 milyard manat təşkil edib. Əhalinin adambaşına düşən ÜDM həcmi 745,8 manat ($936,4) təşkil edib.
İl ərzində 3,8 faiz artan qeyri-neft sektorunun payı yanvar-fevralda ÜDM-də 40,9 faiz təşkil edib, 51,5 faiz neft-qaz sektorunun və emalın payına düşüb, 7,6 faiz əlavə dəyər vergisi məhsul və idxal sayəsində xalis gəlirlər hesabına yaranıb.
İqtisadiyyatın bütün sahələrində məhsul istehsalının həcmi 1,7 faiz azalaraq ÜDM-in 64,1 faizini təşkil edib. Burada ÜDM-in 56,6 faizi (3,79 milyard manat) sənayenin payına düşür. Xidmətlər sahəsində əlavə dəyərin istehsalı 2010-cu iin yanvar-fevralı ayları ilə müqayisədə 8,3 faiz artaraq ÜDM-in 28,3 faizini təşkil edib.
Yanvar-fevralda kənd təsərrüfatı, ov sektoru və meşəçilikdə 188,6 milyon manat əlavə dəyər istehsal olunub ki, bu da ümumi ÜDM-in 2,8 faizini təşkil edir. Tikinti sektorunda 314,4 milyon manat (4,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sektorunda 440,5 milyon manat (6,6 faiz), rabitə və poçt xidmətləri sektorunda 120,9 milyon manat (1,8 faiz), sosial və digər xidmətlərin göstərilməsində 746,4 milyon manat (11,1 faiz), ticarət xidmətləri və nəqliyyat vasitələrinin təmirində 503,4 milyon manat (7,5 faiz) əlavə dəyər istehsal edilib.
Martın 14-nə olan rəsmi məzənnə 0,7933 AZN/USD təşkil edir.