...

Azərbaycanı Dövlət Gömrük Komitəsi üçün strateji planlaşdırma seminarı işə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2011 18:24 (UTC +04:00)
Azərbaycanı Dövlət Gömrük Komitəsi üçün strateji planlaşdırma seminarı işə başlayıb.
Azərbaycanı Dövlət Gömrük Komitəsi üçün strateji planlaşdırma seminarı işə başlayıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Noyabrın 14-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın gücləndirilməsi üzrə Regional Ofisində Avropa Potensialın gücləndirilməsi üzrə Regional ofislərinin və Regional Tədris mərkəzlərinin 4-cü iclası, Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində isə Azərbaycanı Dövlət Gömrük Komitəsi üçün strateji planlaşdırma seminarı işə başlayıb.

Dövlət Gömrük Komitəsi mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Potensialın gücləndirilməsi üzrə Regional Ofisdə keçirilən tədbirə Azərbaycan, Macarıstan, Rusiya, Ukrayna və Qazaxıstan nümayəndələri, eləcə də Ümumdünya Gömrük Təşkilatının mütəxəssisləri qatılıblar.

İclasın açılış mərasimində ÜGT-nin Bakı şəhərində Potensialın gücləndirilməsi üzrə Regional Ofisinin rəhbəri Vitali Mikeladze və Azərbaycan Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov çıxış edərək bildiriblər ki, ofisdə ilk dəfə keçirilən bu tədbirdə məqsəd regionda potensialın gücləndirilməsi sahəsində qarşıda duran vəzifələri nəzərdən keçirmək, eləcə də ofisin maddi-texniki və təşkilati məsələlərini müzakirə etməkdir. Qeyd edilib ki, iclasda bu barədə geniş məlumat veriləcək, hər bir iştirakçı tərəfin fikir və təklifləri öyrəniləcək.

Mikeladze regionda ÜGT potensialın gücləndirilməsi fəaliyyətləri; regional prioritetlər və çağırışlar, Avropa regionunda potensialın gücləndirilməsi sahəsində Bakı ofisinin rolu barədə məruzə ilə çıxış edib. Məruzədə ofisin yaranma tarixinə toxunan Mikeladze bu işin 2009-cu ildən başlanıldığını vurğulayıb, nəhayət region ölkələrinin qərarı ilə ofisin Bakı şəhərində təşkili həyata keçirilib. Belə ki, Avropa və Asiya arasında yerləşən Azərbaycanın paytaxtı coğrafi mövqeyinə görə daha əlverişli şəhər hesab edilib, ofisin burada fəaliyyət göstərməsi təkcə Avropa deyil, Asiya regionu ölkələrinin gömrük xidmətlərinin də əlaqələndirilməsi baxımdan məqsədəmüvafiq sayılıb. O, ofisin fəaliyyətinin səmərəli təşkil edilməsi üçün burada məlumat bazasının, ofisin internet səhifəsinin yaradılmasının və digər bu kimi tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Daha sonra iclasda iştirak edən regional tədris mərkəzlərinin nümayəndələri potensialın gücləndirilməsi üzrə əldə etdikləri nailiyyətlərə dair hesabatlarla çıxış ediblər.

İclas işini noyabrın 16-dək davam etdirəcək.

Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzində keçirilən seminarın açılış mərasimində çıxış edən Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi Şahin Bağırov bildirib ki, hazırda ÜGT-nin üzvü olan bütün ölkələrdə sözügedən qurumun potensialın gücləndirilməsi üzrə layihələri həyata keçirilir. Eyni zamanda, Azərbaycanda da bu sahədə müvafiq işlər görülür. Seminarın məqsədi də bu işə töhfə vermək, Azərbaycan Gömrük Xidmətinin modernləşdirilməsi istiqamətində qarşıda duran vəzifələri müəyyənləşdirməkdir.

Bağırov qeyd edib ki, indiyədək ölkəmizdə gömrük xidmətinin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər planı reallaşdırılıb, eləcə də hazırda gömrük sisteminin 2007-2011-ci illər ərzində inkişafına dair Dövlət Proqramının icrası başa çatmaq üzrədir. Bu gün isə ilk dəfədir ki, ÜGT-nin mütəxəssislərinin iştirakı ilə Azərbaycan Dövlət Gömrük Komitəsi üçün Strateji Plan layihəsinin hazırlanması qərara alınıb.

Öz növbəsində, Ümumdünya Gömrük Təşkilatının nümayəndəsi xanım Bistra Teodosiyeva qeyd edib ki, onun məqsədi seminar iştirakçılarına təlim keçmək yox, məhz sözügedən Strateji Plan layihəsinin hazırlanmasında yerli həmkarları ilə sıx və işgüzar şəraitdə birgə müzakirələr aparmaqdır. O, Azərbaycan Dövlət Gömrük Komitəsinin beynəlxalq standartlara cavab verən qurum kimi daha çox formalaşdırılması işində Strateji Planın mühüm rol oynayacağını bildirib.

Sonra seminar işə başlayıb, mövzu ətrafında ÜGT və Dövlət Gömrük Komitəsinin mütəxəssislərinin məruzələri dinlənilib.

Seminar işini noyabrın 18-dək davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti