Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir N.İsmayılova/
Azərbaycan Beynəlxalq Bankı (ABB) əhalinin vəsaitləri üzrə "Qızıl Depozit" əmanətinin qəbuluna başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ABB-nin yaydığı məlumatda deyilir.
"Qızıl Depozit" adlı yeni xidmət etibarlılıq və sabitliyə önəm verən ABB-nin müştərilərinə qızılı fiziki şəkildə almadan, qızılda əmanət yerləşdirməyə imkan verəcək", - bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev deyib.
Onun sözlərinə görə, yeni əmanət növünün üstünlüyü investisiyaların etibarlılığı və həm bank faizindən, həm də qızılın qiymətinin artımından gəlir əldə etmək imkanıdır. "Qızıl Depozit"in rəsmiləşdirilməsi üçün banka şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək kifayətdir. Hesabın açılmasına görə komisyon haqqı tutulmur.
Bankın məlumatına əsasən, əmanətin minimal məbləği 1 troy unsiyasının (31,1035 qram) ekvivalentinə (əmanətin rəsmiləşdirmə gününə olan Azərbaycan Mərkəzi Bankının qızılın rəsmi qiymətinə uyğun olaraq) bərabərdir, əmanətin müddəti 3 aydan 12 aya qədərdir. Bundan əlavə, depozit həm də tələb olunanadək əmanət şəklində açıla bilər. Faizlərin ödənilməsi müddətin sonunda həyata keçirilir.
Əmanətə aşağıda qeyd olunan faiz dərəcələri tətbiq olunur:
Depozitin müddəti |
İllik faiz dərəcəsi |
Potensial gəlirin həcmi |
Faizlərin hesablanması üsulu |
Tələb olunanadək |
Faizsiz |
Qızılın qiymətinin artımından yaranan qazanc* * |
|
3 aylıq |
2,0% |
Qızılın qiymətinin artımından yaranan qazanc + illik 2% |
Müddətin sonunda |
6 aylıq |
3,0% |
Qızılın qiymətinin artımından yaranan qazanc + illik 3% |
Müddətin sonunda |
9 aylıq |
4,0% |
Qızılın qiymətinin artımından yaranan qazanc + illik 4% |
Müddətin sonunda |
12 aylıq |
5,0% |
Qızılın qiymətinin artımından yaranan qazanc + illik 5% |
Müddətin sonunda |
Depozitin mahiyyətini izah etmək məqsədilə aşağıdakı misalı diqqətinizə çatdırırıq:
Siz, Azərbaycan Beynəlxalq Bankında "Qızıl Depozit"in sahibi olmaq məqsədilə 2011-ci ilin noyabrın 1-də 5 troy unsiyası ekvivalentində əmanət yerləşdirmisiniz. Əmanətin müddəti 6 ay, illik faiz dərəcəsi isə 3%-dir. Həmin günə Azərbaycan Mərkəzi Bankın 1 troy unsiyasının məzənnəsi 1269,27 manat idi. Belə ki, depozitin açılması tarixində 5 troy unisyasının qiyməti 5x1269,2697=6346,35 manat təşkil edib. Əmanətin bitmə müddəti 02 may 2012-ci ildir.
Siz, 2012-ci il mayın 3-dən həmin əmanəti və ona hesablanmış faizləri əldə edə bilərsiniz. Həmin gün üçün 1 troy unsiyasının məzənnəsi 1300 manat təşkil edir. Yəni 1 noyabr 2011-ci il tarixində yerləşdirdiyiniz 6346,35 manat məbləğində vəsait artıq 6500 (5x1300) manat məbləğində vəsaitə çevrilib. Beləliklə, qızılın qiymətinin artımından yaranmış qazancınız 6500-6346,35=153,65
Əlavə olaraq, hesablanmış faizlər də 3 may 2012-ci il tarixə olan məzənnə ilə hesablanacaq (5 troy unsiyası x 3%/12x6 = 0,075 troy unsiya, yəni 0,075 troy unsiya x 1300 manat = 97,50 manat). Beləliklə, siz cəmi 251,15 manat məbləğində gəlir əldə edirsiniz.
Depozit vaxtından əvvəl geri götürüldükdə hesablanmış faizlər ödənilmir və müştəri yalnız qızılın qiymətinin dəyişməsindən yaranmış gəliri əldə edə bilər.
Misal. Siz, 16 yanvar 2012-ci il tarixində depoziti geri götürmək üçün banka müraciət edirsiniz. Həmin günə qızılın məzənnəsi 1276 təşkil edir. Bu halda sizə 5 troy unsiyasının ekvivalenti, yəni 1276x5=6380 manat ödənilir. Beləliklə, Sizin qızılın məzənnəsinin qalxmasından yaranmış qazancınız 6380-6346,35=33.65 manat təşkil edəcək.
Qızılın 16 yanvar 2012 və 3 may 2012-ci il tarixlərinə məzənnəsi misal kimi qeyd olunub.