Azərbaycan, Bakı, 2 may / Trend müxbir A.Axundov /
2012-ci ilin birinci rübünün yekunlarına əsasən, fiziki şəxslərin Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv olan banklardakı ümumi əmanətləri 12,84 faiz artaraq 4,246 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Fondun məlumatında deyilir.
Bu həcmdən 2,624 milyard manat qorunan əmanətlərə, 1,622 milyard manat isə qorunmayan əmanətlərə aiddir. Hesabat dövründə qorunan əmanətçilərin sayı 5,973 milyon nəfər təşkil edib.
Birinci rüb ərzində Fondun 43 üzv bankının təqvim haqları 1,838 milyon manat, 1,584 milyon dollar və 188 min avro təşkil edib.
Fondun sığorta ehtiyatları birinci rüb ərzində 6,62 faiz artaraq 45,4 milyon manat təşkil edib.
2010-cu il iyunun 1-dən üzv banklarda illik 12 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir.
Hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
ADIF 2007-ci il 13 avqustda fəaliyyətə başlayıb. Hazırda ölkədə fəaliyyət göstərən 44 bankdan 43-ü Fondun üzvüdür. Bir bank isə Mərkəzi Bankın tələblərinə cavab vermədiyi üçün məhdud lisenziya ilə fəaliyyət göstərir və əmanətlərin qəbulunu apara bilmir.