...

Bakıda 19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası sərgi və konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 22:58 (UTC +04:00)
5-8 iyun tarixlərində “Bakı Ekspo” mərkəzində Xəzəryanı regionunun neft-qaz sektorunda ən böyük tədbir sayılan 19-cu Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” (“Caspian Oil and Gas”) sərgisi keçiriləcək. Bu barədə Iteca Caspian şirkətindən bazar ertəsi Trend-ə daxil olan məlumatda bildirilir.
Bakıda 19-cu Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası sərgi və konfransı keçiriləcək

Azərbaycan, Bakı, 4 iyun /Trend/

5-8 iyun tarixlərində "Bakı Ekspo" mərkəzində Xəzəryanı regionunun neft-qaz sektorunda ən böyük tədbir sayılan 19-cu Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası" ("Caspian Oil and Gas") sərgisi keçiriləcək. Bu barədə Iteca Caspian şirkətindən bazar ertəsi Trend-ə daxil olan məlumatda bildirilir.

Hər il keçirilən "Caspian Oil and Gas" sərgisi Azərbaycan sərgi sənayesinin aparıcı qüvvəsi olmaqla yanaşı, regionun neft sektorunu təmsil edən aparıcı ekspertləri və əsas şirkətləri bir yerə toplayır. Sözügedən sərgi və konfransa hökumət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilir.

Ənənəvi olaraq, "Caspian Oil and Gas" layihəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən də dəstək göstərilir. Sərginin təşkilatçıları Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun tərəfdaşı "Iteca Caspian" şirkətidir. Həmçinin, sərgi layihəsi üzrə işə "ITE Group plc" şirkətinin tərəfdaşlar şəbəkəsi - "ITE LLC Moscow" (Rusiya), "EUF" (Türkiyə), "GIMA" (Almaniya), "ITE China" (Çin) və "ITE Gulf" (BƏƏ) şirkətləri cəlb edilmişlər və onlar beynəlxalq şirkətləri Azərbaycanda keçirilən bu sərgidə iştirak etməyə fəal surətdə dəvət edirlər.

Hər il bu sərgi və konfransa yüksək vəzifəli şəxslər gəlir və tədbirin açılış mərasimində iştirak edirlər. Beləliklə, "Caspian Oil & Gas 2012" sərgi və konfransının yüksək rütbəli qonaqları arasında Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Litvanın energetika naziri Arvidas Sikmokas, İranın neft naziri Rostam Kazemi və digərləri var. Bir çox ölkə rəhbərləri isə tədbirin ünvanına öz salamlama məktublarını göndərmişlər.

"Caspian Oil & Gas 2012" sərgisində dünyanın 35 ölkəsindən 304 şirkətin iştirak edəcəyi gözlənilir. Böyük Britaniya, Almaniya, Çin, Rusiya, Türkiyənin milli qrupları üçün pavilyonlar əvvəlcədən sifariş olunub. Həmçinin, MDB, Avropa və Şərqi Asiya şirkətlərinin sayı da əhəmiyyətli dərəcədə artmışdır. İlk dəfə olaraq, bu il sərgidə Vyetnam şirkətləri də iştirak edəcəklər. Sərgi sahəsinin 40%-ni dünya şöhrətli şirkətlər tutur və onların əksəriyyəti "Caspian Oil & Gas" sərgisinin daimi iştirakçısıdır. Ekspozisiya sahəsinin 59%-ni xarici şirkətlər tuturlar. Yerdə qalan ekspozisiya sahələri isə yerli istehsalçılar və xarici şirkətlərin yerli nümayəndəlikləri üçün ayrılıb. Sərgiyə olan daimi marağı vurğulayan maraqlı fakt ondan ibarətdir ki, ekspozisiyanın 10%-ni əvvəllər Azərbaycan bazarında fəaliyyət göstərməmiş yeni şirkətlər təşkil edirlər. Bütövlükdə, bütün sərgi ekspozisiyasının ümumi artımı 15%-dir.

Həmçinin, sərgi və konfransa sponsorluq edən şirkətlərin siyahısı da tədbirin yüksək statusunu vurğulayır və bu il həmin siyahıya rekord sayda şirkət daxildir (21 şirkət). Belə ki, "Caspian Oil & Gas 2012" sərgisinin baş sponsoru BP Azərbaycan şirkəti, qızıl sponsorları isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və "Andrade Gutierrez" şirkətidir. Sərginin digər sponsorları arasında "Xəzər Geofizika", "Conoco Phillips", "Cross Caspian Oil and Gas Logistics", "Det Norske Veritas", "Ernst & Young", "IGI POSEIDON SA", "İNPEKS Corporation", "McDermott Caspian Contractors", "MESC", "Nobel Oil LTD", "OMV Aktiengesellschaft", "RWE", "Statoil", "Salans", "TAP", "Total E & P Azərbaycan", "Velosi" və "Vyetnam Oil and Gas Group" ("Petrovietnam") var. "Azerfon" MMC, "AZAL" Hava Yolları və "Greenwich Travel Club" şirkəti, habelə "Hilton Baku" və "Qafqaz Point" mehmanxanaları 2012-ci ildə keçirilən sərgi və konfransın tərəfdaşları arasında yer alırlar.

Sərgi "Bakı Ekspo" mərkəzinin iki pavilyonunu tutur və bu mövzuları əhatə edir: neftçıxarma və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qaz avadanlıqları, neft və qazın saxlanması sistemlərinin təmin olunması, regionda mövcud olan və gələcəkdə həyata keçiriləcək neft-qaz layihələri və s. "Caspian Oil and Gas 2012" sərgisinin fərqli cəhəti ondan ibarətdir ki, iştirakçıların böyük əksəriyyəti öz ekspozisiya sahəsini daha da artıraraq sərgi stendlərini tamamilə yeni konsepsiyada təqdim edirlər.

Bu il "Caspian Oil and Gas" sərgisini müşayiət edən işgüzar proqram çərçivəsində mühüm hadisələrdən biri 19-cu Beynəlxalq "Neft və qaz, neftayırma və neft kimyası" konfransı olacaq və ilk dəfə olaraq, bu konfrans "Hilton Baku" otelində keçiriləcəkdir. Sərginin ikinci iş günü, yəni iyun ayının 6-da başlanacaq bu konfransa 550 nümayəndənin akkreditə olunması neft-qaz sənayesi sahəsində ikitərəfli əməkdaşlığa marağın artdığını göstərir. Konfrans iştirakçıları arasında müxtəlif ölkələrin yüksək vəzifəli nümayəndələri və regionun neft-qaz sənayesinin aparıcı şirkətləri var. ARDNŞ, "BP", "RWE", "TPAO" və "OMV" kimi tanınmış neft şirkətlərinin rəhbərləri, habelə digər dövlət orqanları və beynəlxalq təşkilatların nümayəndələri də öz məruzələri ilə çıxış edəcəklər.

Bu il konfrans neft-qaz bazarının yeni inkişaf təmayülləri, Xəzər dənizi regionun potensial və üstünlükləri, habelə dünyada enerji təhlükəsizliyi problemlərinin həlli perspektivlərini qiymətləndirmək üçün imkan yaradacaq (konfransın əsas mövzuları: "Xəzər regionunun qızıl dövrü", "Neft-qaz emalı və neft kimya layihələri", "Enerji daşıyıcılarının dünya bazarına təchizi", "Azərbaycanın kəşfiyyat və hasilat sektoru", "Regionda investisiya imkanları" və s.). Konfrans iştirakçıları Xəzər dənizində yeni enerji infrastrukturu layihələrinə də böyük maraq göstərirlər və konfrans zamanı bu mövzu da müzakirə olunacaqdır. "Ekologiya və təmiz enerjinin yeni mənbələri" mövzusu da diqqətdən kənarda qalmayacaq və konfransının birinci günü dördüncü iclas çərçivəsində müzakirə olunacaqdır. Konfransın ikinci günü isə investisiya, enerji ehtiyatlarının hasilatı və nəqli, habelə təkcə region üçün deyil, ümumilikdə mühüm əhəmiyyət kəsb edən digər məsələlərə həsr olunacaq. Beləliklə, builki konfransda iştirak neft və qaz sənayesinin bütün peşəkarlarına qeyri-kommersiya xarakterli rəqabətsiz mühitdə peşəkar dialoq və fikir mübadiləsi aparmaq üçün unikal imkan yaratmaqla yanaşı, həm də geniş məlumat axınını, zəngin təcrübəni və ən son texnologiyalarla tanışlığı təmin edəcəkdir.

Neft və qaz sənayesi nümayəndələrinin geniş dairəsi üçün aktual olan seminarlar sərginin işgüzar proqramını tamamlayacaq. Belə ki, iyun ayının 6-da saat 10:00-dan 15:00-a kimi, "Baku Ekspo" mərkəzinin ikinci mərtəbəsində yerləşən konfrans zalında "Modcon Systems Ltd" və "Invensys İşletme" şirkətlərinin iştirakı ilə "Yüksək analiz, avtomatlaşdırma və optimallaşdırılma texnologiyaları" adlı seminar keçiriləcək. Bu seminardan sonar, "Borusan Makina ve Güc Sistemleri Sanayi ve Tic. AŞ" şirkəti "Klaydyunion" (SPX*Weir) markalı nasoslar və "Caterpillar" markalı qaz generatorlarını təqdim edəcəkdir.

"Caspian Oil and Gas" sərgisi ilə bağlı ən son xəbərlər operativ şəkildə www.cog.az və www.oilgasconference.az adlı rəsmi internet saytlarında dərc olunacaq. Eyni zamanda, sərgi və konfrans zamanı iştirakçılar haqqında ətraflı məlumatları əks etdirən sərgi kataloqu, o cümlədən məruzəçilərin tərcümeyi-hallarını ehtiva edən konfrans materialları, habelə sərgi və konfransda baş verən hadisələri işıqlandıran rəsmi "Caspian Oil and Gas" qəzeti də dərc olunacaqdır.

Beləliklə, sərgi və konfrans uzun müddət keçirilməsinə baxmayaraq hələ də dünya neft-qaz elitasının diqqət mərkəzindədir. Gələn il isə "Caspian Oil and Gas" sərgisi öz iyirminci ildönümünü qeyd edəcək və xüsusi ilə rəmzi bir fakt da ondan ibarətdir ki, bu əlamətdar hadisə "Caspian Oil and Gas" sərgisinin banisi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə üst-üstə düşür. Bu baxımdan, yubiley "Caspian Oil and Gas" sərgisi həqiqətən də əlamətdar bir hadisəyə çevriləcək və öz iri miqyası və bayram abu-havası ilə fərqlənəcəkdir. Həmçinin, təşkilatçılar "Caspian Oil and Gas 2013" sərgisinin işini müşayiət edəcək xüsusi tədbirlər proqramı da hazırlayırlar.

Xəbər lenti

Xəbər lenti