28 noyabr tarixində Azərbaycanda ilk dəfə "Bakı Ekspo" mərkəzində yeni sərgi layihəsi - "SportExpo-2012" beynəlxalq "İdman, İdman ləvazimatı və geyimi" sərgisi öz işinə başlayacaq. "SportExpo-2012" sərgisi Azərbaycanda idmanın inkişafına artan diqqətin və idman infrastrukturuna irihəcmli investisiyaların yatırılması fonunda keçirilir. 2012-ci ilin Azərbaycanda "İdman ili" elan olunması, Londonda keçirilən Yay Olimpiya və Paralimpiya oyunlarında idmançılarımızın yüksək nailiyyətləri, həmçinin bu sərginin təşkilinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən göstərilən fəal dəstək "SportExpo" sərgisinin əhəmiyyətindən xəbər verir.
Debüt sərgi idman sahəsində fəaliyyət göstərən 50-dən çox özəl və dövlət sektorunun nümayəndələrini, o cümlədən Azərbaycanın idman federasiyaları və klublarını, idman malları və xidmətlərinin yerli və xarici istehsalçılarını, eləcə də ictimai təşkilatları bir araya gətirəcək. "SportExpo-2012" sərgisində idman obyektlərinin təchizatı sahəsində idman qurğuları və ləvazimatlarının, trenajorlar və qida məhsullarının istehsalçıları və təchizatçıları ilə kompleks tanışlıq üçün şərait yaradılacaq. Sərgidə Azərbaycanda inkişaf etmiş bütün idman növləri, o cümlədən boks, gimnastika, stolüstü tennis, üzgüçülük, yelkən idman, futbol, taekvondo, stend atıcılığı, eləcə də tennis, qolf, alpinizm və digər idman növləri təqdim ediləcəkdir.
Sərgi Azərbaycanda idmanın inkişafına qayğı göstərən şirkətlərə və kommersiya təşkilatlarına şərait yaradacaq ki, bu və ya digər komandalara, klublara və federasiyalara sponsorluq etmək üçün həmin federasiya və ya idman klublarının fəaliyyətləri ilə yaxından tanış olsunlar. Bu isə şirkətin imicinin qorunub saxlanılması və biznesin inkişafı baxımından mükəmməl marketinq aləti sayılır.
"SportExpo-2012" sərgisi ilə bir meydançada "Gənclər təşkilatlarının IV respublika sərgisi" keçiriləcək. Sözügedən tədbir "Azərbaycan gəncliyi 2011 - 2015-ci illərdə" adlı dövlət proqramı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası çərçivəsində həyata keçirilir və bu, onun aktuallığını bir daha vurğulayır. Azərbaycanın təxminən 100-ə qədər gənclər təşkilatının iştirak edəcəyi IV respublika sərgisinin əsas məqsədi ictimaiyyətə gənclər təşkilatlarının fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihə və tədbirlər, həmçinin gənclərin ictimai fəaliyyətə cəlb olunması haqqında məlumat verməkdir. Bu sərgi "Iteca Caspian" MMC-nin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunur.
Beləliklə, bir sərgi meydançasında eyni zamanda idman və gənclər təşkilatlarının nailiyyətləri təqdim ediləcək ki, bu da iştirakçılar üçün olduqca səmərəli, ziyarətçilər üçün isə əlverişlidir.
Sərginin təşkilatçıları ümid edirlər ki, birgə keçirilən bu sərgilər yeni əlaqələrin qurulması və genişləndirilməsi üçün əlverişli şərait yaradacaq və Azərbaycanda idmanın inkişafına və gənclər təşkilatlarının işinə əhəmiyyətli töhfə verəcəkdir.