Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 40-cı plenar iclası keçirilib. İclasda Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.
QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, plenar iclasın reqlamentinə uyğun olaraq Azərbaycan nümayəndə heyəti tərəfindən MONEYVAL-ın cari ilin mart ayında keçirilmiş son plenar iclasından ötən dövr ərzində ölkədə pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlər barədə Komitəyə məlumat verilib. Məruzə çərçivəsində PY/TMM ilə bağlı siyasət, qanunvericilik və institusional quruculuq istiqamətində baş vermiş inkişaf haqqında təfərrüatları iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Plenar iclas zamanı Serbiya, Ukrayna, Bosniya və Herseqovinanın II mərhələ tərəqqi hesabatları, Makedoniya, Moldova, Litva və s. ölkələrin isə IV mərhələ birgə qiymətləndirmə hesabatları dinlənilib. Azərbaycan nümayəndə heyəti qeyd edilən hesabatların müzakirəsində aktiv şəkildə iştirak edib və hesabatlarla bağlı öz qeydlərini bildirib.
İclas zamanı, həmçinin 2013-cü il üçün MONEYVAL çərçivəsində həyata keçiriləcək qiymətləndirmə və görüşlərin gündəliyi də qəbul olunub.
MONEYVAL-ın 40-cı plenar iclası qurumun yaranmasının 15 illiyinin tamam olması ilə əlamətdar olub.
Qeyd edək ki, MONEYVAL 1997-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən yaradılıb. Komitənin məqsədi üzv ölkələrin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparması üçün effektiv vasitələrə malik olmasını və müvafiq sahədə mövcud olan beynəlxalq standartlara cavab verməsini təmin etməkdir. Hazırda MONEYVAL-ın Azərbaycan da daxil olmaqla 33 üzvü var.