Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun yarıdan çoxu artıq əsaslı təmir olunub və bu yolun 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi prosesi gedir. "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, bu barədə "Dəmiryolservis" MMC-nin 24 saylı Salyan rels-qaynaqlama qatarında yeni texnoloji xəttin istismara verilməsinə həsr olunmuş tədbirdə bildirilib.
Tədbirdə QSC sədri Arif Əsgərov, Cəmiyyət sədrinin müavinləri və müvafiq qurumların rəhbərləri iştirak ediblər.
Qatarın rəisi Xeyrulla Əliyev bildirib ki, səyyar qaynaq işlərini həyata keçirmək üçün Ukraynanın Kaxovka zavodundan KSM-005 markalı səyyar qaynaq texnikası alınaraq istismara verilib. Yeni texnika həm avtomobil, həm də dəmir yolu üzərində hərəkət edə bilir.
2012-ci ilin əvvəlindən 24 saylı Salyan rels-qaynaqlama qatarında yeni texnoloji xəttin tikintisinə başlanılıb. Artıq işlər yekunlaşıb və yeni xətt istismara hazırdır. Yeni texnoloji xəttin tikintisi üçün lazım olan avadanlıqlar Rusiya Federasiyasının "Pskovelektrosvarka" zavodundan alınıb gətirilib.