Azərbaycan, Bakı, 3 may /Trend, müxbir R. Hafizoğlu/
İraq və Azərbaycan arasında birbaşa hava əlaqəsinin açılması barədə danışıqlar hələ də davam edir. Bu barədə cümə günü Trend-ə İraqın Azərbaycandakı səfirliyinin katibi Cəssim Məhəmməd Əhməd deyib.
Onun sözlərinə görə, hazırda ölkələr arasında həftədə 6 dəfə yerinə yetirilən hava yükdaşımaları həyata keçirilir.
"İraq Hava Yolları"nın Azərbaycanda nümayəndəliyinin açılması barədə danışıqlar aparılır" , - Əhməd qeyd edib.
Əhməd deyib ki, Azərbaycan və İraq ötən ilin iyununda iki ölkə arasında birbaşa hava əlaqəsinin açılması imkanlarına dair anlaşma memorandumu imzalayıblar.
Onun sözlərinə görə, memorandumu Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktor müavini Fuad Quliyev və İraq Mülki Aviasiya Administrasiyasının baş direktoru Nasir Hüseyn Bəndər imzalayıblar. İmzalanma İraq Mülki Aviasiya Administrasiyasının nümayəndə heyətinin ölkəyə səfəri zamanı baş tutub.