...

Azərbaycan Mərkəzi Bankı yeni elektron nəşrlərin buraxılışına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2013 14:51 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) iki yeni elektron nəşrin, “Mərkəzi Bank və İqtisadiyyat” adlı jurnalın və “Araşdırmalar bülleteni”nin buraxılışına başlayıb.
Azərbaycan Mərkəzi Bankı yeni elektron nəşrlərin buraxılışına başlayıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) iki yeni elektron nəşrin, "Mərkəzi Bank və İqtisadiyyat" adlı jurnalın və "Araşdırmalar bülleteni"nin buraxılışına başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə günü bununla bağlı təşkil olunan mətbuat konfransında jurnalistlərə AMB-nin İdarə Heyətinin sədr müavini Xəqani Abdullayev bildirib:

" AMB-nin müvafiq tədqiqat və analitik strukturları son illər makroiqtisadi siyasətin empirik əsaslarının öyrənilməsi, pul siyasəti və onun təsirlərinin ekonometrik təhlili, makroiqtisadi simulyasiya və proqnozlaşdırma modellərinin qurulması, bank sektorunda maliyyə dayanıqlığının tədqiqi, qlobal iqtisadiyyatın və müxtəlif sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılması istiqamətində müxtəlif tədqiqat layihələrini həyata keçirirlər. Bu fəaliyyətin məntiqi davamı olaraq, "Mərkəzi Bank və İqtisadiyyat" adlı rüblük elektron jurnalın nəşrinə başlanılıb".

Onun sözlərinə görə, jurnalın buraxılmasında əsas məqsəd geniş oxucu kütləsini və professional auditoriyanı müasir ekonomiks-lə daha dərindən tanış etmək, iqtisadi nəzəriyyə və praktika, empirik iqtisadi tədqiqatların metodoloji məsələləri və ölkə iqtisadiyyatının inkişafı ilə baglı aparılan tədqiqatların nəticələrini təqdim etməkdir: "Jurnal AMB-nin iqtisadi və maliyyə maarifləndirilməsi sahəsində apardığı fəaliyyətinin mühüm elementidir. Onun işıq üzü görməsi iqtisadi məsələlərin elmi cəhətdən öyrənilməsi və qiymətləndirilməsində, iqtisadi nəzəriyyə və praktikanın sintezinə imkan verən yanaşmaların formalaşmasında, cəmiyyətdə iqtisadi biliklərin yayılmasında mühüm rol oynaya bilər".

Abdullayev əlavə edib ki, yeni jurnalistlərin xüsusiyyətlərindən biri də jurnalda məqalə müəlliflərinin əlaqə nömrələrinin əks olunmasıdır. Bununla da hər bir oxucu onu maraqlandıran istənilən sualı müəllifə verə biləcək.

Tədbirdə "Mərkəzi Bank və İqtisadiyyat" adlı jurnalla yanaşı AMB-nin elektron "Araşdırmalar bülleteni"də təqdim olunub. İki hissədən ibarət nəşrdə böyük beynəlxalq maliyyə institutlarının əhəmiyyətli araşdırmalarının icmalı, o cümlədən AMB-nin mütəxəssisləri tərəfindən aparılan cari iqtisadi araşdırmalar barədə məlumatlar dərc olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti