Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2013-cü ilin avqust ayında Yardımlı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən 15 kəndində su təchizatı sistemlərinin yaradılması layihəsinin icrasına başlanıb.
Layihə rayonun Osnakəran, Bürzünbül, Vərgədüz, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bilnə, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərində 12 min nəfərin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsini nəzərdə tutur.
Qeyd edək ki, hazırda bu kəndlərin sakinləri içməli suyu böyük çətinliklərlə uzaq məsafədən müxtəlif vasitələrlə daşıyırlar.
Həyata keçirilən yeni layihəyə əsasən kənd sakinləri mərkəzləşmiş qaydada içməli su ala biləcəklər. Kəndlərə içməli su Sineyir çayı hövzəsindəki bulaqlardan veriləcək. Bu məqsədlə mənbədən yaşayış məntəqələrinə müxtəlif diametrli borularla 8 km uzunluğunda magistral su xətti çəkiləcək. Layihənin icrasına başlanandan indiyədək magistral xəttin 5 km-lik hissəsində tikinti-quraşdırma işləri yekunlaşıb.
Kənd sakinlərini özüaxımlı rejimdə içməli su ilə təmin etmək üçün hər birinin tutumu 500 kubmetr olan 2 ədəd əsas, həmçinin kəndlərin tələbatından asılı olaraq müxtəlif həcmlərdə bir neçə kiçik su anbarı tikiləcək. İlkin mərhələdə kəndlərdə bulaqlar quraşdırılacaq, növbəti mərhələdə kənddaxili paylayıcı şəbəkə qurulacaqdır. Layihə üzrə işlərin 2014-cü ildə başa çatdırlması nəzərdə tutulur.