...

Azərbaycan və BVF gömrük sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 17:02 (UTC +04:00)
Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və Beynəlxalq Valyuat Fondu (BVF) əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Azərbaycan və BVF gömrük sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və Beynəlxalq Valyuat Fondu (BVF) əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə ediblər.

Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. A.Əliyev Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan Gömrük Xidməti arasında mövcud əlaqələrdən məmnunluqla söhbət açıb, əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

O, Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna da qısaca nəzər salıb, gömrük sisteminin respublikamız müstəqillik qazandıqdan sonra, xüsusilə 1995-ci ildən bu günə qədər beynəlxalq standartlara cavab verən təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb. Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində gömrük sistemində sürətli ikişaf strategiyasına start verildiyini vurğulayan Komitə sədri istər qanunvericilik bazasının möhkəmləndirilməsində, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, xüsusilə büdcə gəlirlərinin formalaşması, maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

DGK sədri ölkəmizin əsas giriş qapılarında gömrük keçid məntəqələrinin dünya standartlarına uyğun yenidən qurularaq Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verildiyini, mal və nəqliyyat vasitələrinin artıq avtomatlaşdırılmış qaydada gömrük nəzarətindən keçdiyini, bunun da ticarətin asanlaşdırılması və təhlükəsizliyi işinə müsbət təsirini konkret faktlarla nəzərə çatdırıb. Ölkəmizin gömrük sistemində xeyli müddətdir ki, "bir pəncərə" prinsipinin tətbiq edildiyini, bununla da rəsmiləşdirilmə sahəsində vaxt itkisinin minimuma endirildiyini bildirən DGK sədri A.Əliyev birbaşa təmasın olmadığını, artıq gömrük ödənişlərinin plastik kartlarla həyata keçirildiyini, gömrük idarələrində informasiya köşklərinin yaradıldığını, bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsində Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin bir neçə ildir qüvvəyə mindiyini diqqətə çatdıran DGK sədri məmnunluqla qeyd edib ki, bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur.

Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsinin sədri A.Əliyevə təşəkkür edən Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri R.Almarzoqi respublikamızın hərtərəfli inkişafının onda xoş təəssüratlar yaratdığını bidirib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan hökuməti ilə əməkdaşlığa böyük önəm verdiyini bildirən R.Almarzoqi respublikamızın sürətli inkişaf tendensiyasından razılığını ifadə edib, xüsusilə son illər gömrük sistemində əldə olunan nailiyyətlərin BVF tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Qədim "İpək Yolu"nun bərpası, bu ölkələr arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı DGK sədri A.Əliyev qonaqların diqqətinə çatdırıb ki, noyabrın 14-də Qəbələ şəhərində "İpək Yolu ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair Beynəlxalq Forum" öz işinə başlayacaq. Sayca 6-cı olan bu forumda İpək Yolu ölkələrində gömrük-sərhəd keçid prosedurlarının sadələşdirilməsi, tranzit sistemləri, gömrük-biznes əməkdaşlığına dair təcrübə mübadiləsi və s. məsələlər müzakirə ediləcək.

Görüşdə, həmçinin gömrük daxilolmalarının həcmində son təmayüllər, tətbiq olunan imtiyazlar, 2014-2015-ci illər üzrə müvafiq proqnoz göstəriciləri və hesablamalar, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olma prosesində mövcud vəziyyət müzakirə edilib, qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti