Azərbaycan, Bakı, 25 dekabr /Trend/
Dekabrın 24-də Azərbaycan Maliyyə Nazirliyinin Yevlax şəhəri üzrə Maliyyə İdarəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərasimdə iştirak edən Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov açılış lentini kəsərək inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olublar. Bildirilib ki, müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün şərait yaradılıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycanın bütün bölgələri inkişaf edir, böyük tikinti-quruculuq işləri aparılır. Son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraiti də xeyli yaxşılaşdırılıb və nazirliyin tabeliyində olan qurumlar müstəqil inzibati binalarla təmin olunur.
Elə həmin gün Maliyyə Nazirliyinin Göyçay rayonu üzrə Maliyyə İdarəsinin də yeni inzibati binası istifadəyə verilib. Burada da müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb.
N.Süleymanov və rayon İcra Hakimiyyətinin rəhbərliyi kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib və əmin olduqlarını bildiriblər ki, öz növbəsində, idarə əməkdaşları rəhbərlik tərəfindən qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.