...

Konteyner daşınmalarının yalnız 2 faizi gömrük nəzarətindən keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2014 20:03 (UTC +04:00)
Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Konteyner daşınmalarına nəzarət” layihəsi çərçivəsində təlim başlayıb.
Konteyner daşınmalarının yalnız 2 faizi gömrük nəzarətindən keçirilir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend/

Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Konteyner daşınmalarına nəzarət" layihəsi çərçivəsində təlim başlayıb.

Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə ÜGT-nin birgə həyata keçirdiyi bu layihə üzrə təşkil olunan təlimdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Tacikistan gömrük orqanlarının əməkdaşları iştirak edirlər.

Təlimin işə başlaması münasibətilə keçirilən açılış mərasimində BMT-nin Orta Asiya ofisinin nümayəndəsi Batır Geldiyev "Konteyner daşınmalarına nəzarət" layihəsi haqqında məlumat verib.

DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı hazırda dünyada daşınmaların 90%-nin konteynerlər vasitəsilə aparıldığını və bunun da yalnız 2%-nin gömrük nəzarətindən keçdiyini qeyd edib.

Baş İdarənin rəisi ölkəmizin həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də Xəzərdə ən böyük liman - Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi irimiqyaslı layihələrin hesabına yaxın gələcəkdə regionda yük daşımalarının həcminin artırılmasının gözlənildiyini vurğulayaraq, bunun da öz növbəsində, gömrük sahəsində hüquqpozmaların, o cümlədən, narkotik qaçaqmalçılığı hallarının artması təhlükəsini yaradacağına diqqət çəkib. G.Muradlı bu baxımdan, sözügedən sahədə risklərin azaldılması işində "Konteyner daşınmalarına nəzarət" layihəsinin böyük əhəmiyyət daşıdığını bildirib.

Daha sonra ÜGT-nin nümayəndələri Peter Timmermans, Sezar Sohiaffino və DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov layihənin məqsd və əhəmiyyəti barədə məlumat xarakterli çıxış ediblər.

Təlim 5 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti