Azərbaycan, Bakı, 15 dekabr /Trend/
Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 46-cı plenar iclası keçirilib.
Tədbirdə Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
QKDK-nın İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, plenar iclas zamanı gündəliyə uyğun olaraq Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin effektivliyi üzrə növbəti qiymətləndirmə hesabatının müzakirəsi keçirilib.
Qiymətləndirmənin aparılması ilə əlaqədar MONEYVAL-ın xüsusi missiyası cari ilin fevral ayında Azərbaycana səfər etmiş, 2014-cü ilin sentyabr aynda isə Strasburqda hesabat layihəsinin ilkin ikitərəfli müzakirəsi keçirilmişdi.
İntensiv müzakirələr nəticəsi olaraq əvvəlki qiymətləndirmənin aparıldığı 2008-ci il ilə müqayisədə ölkəmizin əldə etdiyi əhəmiyyətli inkişafları və nailiyyətləri təsbit edən hesabat təsdiq edilib.
MONEYVAL Katibliyi və bir sıra ölkələrin nümayəndə heyətləri hesabata dair siyasi xarakterli düzəlişlər, eləcə də Azərbaycanda PY/TMM sisteminin effektivliyinin aşağı olması barədə mülahizələr və ölkəmizə qarşı xüsusi monitorinq rejiminin bərpası ilə bağlı təkliflər irəli sürsə də, Azərbaycan nümayəndə heyətinin əsaslandırılmış arqumentləri və kəskin mövqeyi əsasında bu təkliflər qəbul edilməyib.