...

Şamaxı, Cəlilabad və Lənkəranın 5 kəndinə təbii qaz verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyul 2015 10:05 (UTC +04:00)
Şamaxı, Cəlilabad və Lənkəran rayonlarının 5 kəndinə təbii qaz verilib.
Şamaxı, Cəlilabad və Lənkəranın 5 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

Şamaxı, Cəlilabad və Lənkəran rayonlarının 5 kəndinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublikanın hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.

Məlumatda qeyd olunur ki, Şamaxı, Cəlilabad və Lənkəranın 5 kəndinin qazlaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı işlər də bu sıradandır. İyulun 15-də Şamaxı rayonunun Mərzəndiyə, Cəlilabad rayonunun Təzəkənd, Lənkəran rayonunun Vilvan, Vel və Xolmilli kəndlərinə təbii qazın yenidən verilməsi münasibəti ilə tədbirlər keçirilib.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, kənd sakinləri iştirak ediblər. Bildirilib ki, Şamaxı rayonunun Mərzəndiyə kəndinin 187 abonentinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 410 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 187 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Cəlilabad rayonunun Təzəkənd kəndinin Zubanlı yaşayış massivinin mavi yanacaqla təmin olunması üçün 6901 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 108 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran rayonunun 937 abonenti olan Vilvan, 549 abonenti olan Xolmilli və 219 abonenti olan Vel kəndlərinin qazlaşdırılması üçün birpilləli sistem əsasında polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti