...

"Vergi sistemində inkişaf və əməletmə" mövzusunda V Vergi konfransı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2016 17:14 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 18-də Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergilər Nazirliyi ilə birgə təşkil etdiyi "Vergi sistemində inkişaf və əməletmə" mövzusuna həsr olunmuş 5-ci illik Vergi konfransı keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan AmCham-ın prezidenti İlqar Vəliyev tədbir iştirakçılarını salamlayaraq "AmCham" ilə Vergilər Nazirliyi arasındakı əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib. Tədbirin əsas məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergiödəyicilərin vergi öhdəliklərinə əməletməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi, yüksək vergi mədəniyyətinin formalaşdırılması ilə bağlı məsələləri müzakirə etmək olduğunu vurğulayan İ.Vəliyev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının hər bir sahəsində fəal olan yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən "AmCham" ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır. Qurum tərəfindən artıq 5-ci ildir ki, vergi partnyorluğu mövzusunda tədbirlər həyata keçirilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov çıxış edərək, ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunmuş uğurlar haqqında məlumat verib, "AmCham" və digər ictimai təşkilatlarla mütəmadi olaraq keçirilən işgüzar görüşlərin əhəmiyyətindən danışıb. N.Şirinov bildirib ki, Azərbaycanda həyata keçirilən vergi siyasəti ölkədə biznes mühitinin təkmilləşdirilməsinə xidmət edir. Vergilər Nazirliyi bu mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir. Onun sözlərinə görə, vergi mühitinin liberallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması məqsədilə qanunvericiliyə hər hansı dəyişikliklər edilərkən Vergilər Nazirliyi ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.

Konfransda I panel üzrə Azərbaycanda vergi idarəçiliyi və onun təkmilləşdirilməsi istiqamətləri, II panel üzrə isə Vergi inzibatçılığı və vergi ödəyicisi ilə vergi orqanları arasındakı kommunikasiyanın təkmilləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Konfransda "Gələcək vergi islahatları və adekvat vergi modelləri", "Vergi qanunvericiliyinə əməletmə sahəsində nəzarətin gücləndirilməsi", "Şəffaflığın artırılması istiqamətində innovativ xidmətlər", "İqtisadi çətinliklər zamanı mümkün vergi islahatları", "Vergi məsələləri üzrə qaldırılan cinayət işlərinin əsas cəhətləri", "Biznesin inkişafında və investisiyaların cəlb edilməsində vergi sisteminin rolu", "Vergi şəffaflığı: yeni qlobal hesabat standartı" və s. mövzularda təqdimatlar dinlənilib, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər geniş müzakirə olunub.

Tədbirdə Azərbaycan Milli Məclisinin, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin və AmCham-ın nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti