Bakı. Trend:
Gürcüstan hökuməti ölkəyə investisiya etmək üçün maksimal dərəcədə çalışır və Gürcüstan azərbaycanlı biznesmenlər üçün hər zaman açıqdır.
Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Caspian Energy Georgia-nın fəaliyyətinin rəsmi yenilənmə mərasimi çərçivəsində keçirilən "CEO Lunch Tbilisi"də deyib.
G.Kvirikaşvili gürcüstanlı biznesmenlərin də Azərbaycandakı fəaliyyətlərini genişləndirəcəklərinə ümid etdiyini deyib.
Baş nazir Caspian Energy Georgia şirkətinin yaradılmasını müsbət hal kimi qiymətləndirərək, təşkilatın Gürcütsanla Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələrin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib. Onun sözlərinə görə, geniş imkanların mövcud olduğu şərtlər daxilində bu cür görüşlər mühüm əhəmiyyət kəsb edir və biznes nümayəndələrinə bir-birlərini yaxından tanımağa, perspektivli ortaq layihələri müzakirə etməyə şərait yaradır. Gürcüstanın baş naziri həmçinin görüşün təşkilatçılarına minnətdarlığını bildirib və bu gündən belə görüşlərin mütəmadi hal alacağını deyib:
“Bu, yeni biznes təşəbbüslərinin yaranmasına, təkcə Gürcüstan və Azərbaycan biznesmenləri deyil, həm də digər ölkələrin nümayəndələri arasında əlaqələrin genişlənməsinə səbəb olacaq”.
İkitərəfli münasibətlərə toxunan baş nazir qeyd edib ki, Gürcüstan və Azərbaycan təkcə strateji partnyor deyillər:
“Bir sıra iri layihələrdə əməkdaşlıq edərək biz birlikdə daha sabit və inkişaf etmiş region qururuq. Biz həmçinin region və bazarları birləşdirərək Avropanın enerji təhlükəsizliyinə öz töhvəmizi veririk. Bu əlaqələr və əməkdaşlıq iqtisadi dirçəliş, tərəqqi, eləcə də sabitlik meydanıdır”.
Fəxri qonaq qismində CEO Lunch-da həmçinin Gürcüstanın baş nazirinin birinci müavini, maliyyə Naziri Dmitri Kumsişvili, iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxariya, bölgə qubernatoru Kvemo-Kartli Qriqol Nemsadze və Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov iştirak ediblər.
Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev CEO Lunch Tbilisi-nin Caspian Energy Georgia-nın fəaliyyətinin yenilənməsi çərçivəsində keçirilən ilk tədbirdir. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin Caspian European Club-un dəstəyilə 2018-ci ilin martında 5-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək. Forumun açılış mərasimində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.
T.Əliyev bildirib ki, növbəti CEO Lunch Tbilisi 2017-ci il oktyabrın 27-də keçiriləcək və sonradan hər ayın sonuncu cümə günü baş tutacaq.
Networking”in aparıcı vasitəsi olan “CEO Lunch” şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur. O qeyd edib ki, Caspian European Club və Caspian American Club “CEİBC” şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda, hər ayın sonuncu cümə günü Tbilisidə CEO Lunch təşkil edir.
Tədbir çərçivəsində PASHA bank Georgia və Debet Georgia şirkətləri görüş iştirakçıları üçün təqdimat keçirib.
Qeyri-rəsmi şəraitdə sahibkarların qarşılaşdıqları problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandırılan suallara toxunulub, həmçinin iqtisadiyyatın fərqli sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə təkliflər irəli sürülüb.
Caspian European Club və Caspian American Club-a daxil olan və burada iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim edilib.
T.Əliyev xatırladıb ki, Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club və Caspian American Club-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
Onun sözlərinə görə, yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 50 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian American Forum, CEO, CEO lunch, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.