Bakı. Trend:
Bakıda "PASHA Holding" tərəfindən təşkil olunmuş "InMerge Innovation Summit" işinə başlayıb.
Trend xəbər verir ki, regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirəcək ki, bu da öz növbəsində regionda və xüsusən ölkədə innovasiya ekosisteminə müsbət təsir göstərəcək.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, "Trendyol" şirkətlər qrupunun Baş icraçı direktoru Erdem İnan, "PAŞA Holding"in Baş icraçı direktoru Cəlal Qasımov, "AZPROMO"-nun icraçı direktoru Yusif Abdullayev, "Visa"nın vitse prezidenti və Mərkəzi Asiya ölkələri və Azərbaycanda regional meneceri Kristina Doroş, Mərkəzi Bankın baş direktoru Fərid Osmanov, "Bakcell"in Baş icraçı direktoru Klaus Müller və bu sahədə özünü təsdiqləmiş onlarla şəxs iştirak edəcək.
Qeyd edək ki, "Apple" şirkətinin təsisçilərindən biri olan Stiv Voznyak da bu tədbirdə spiker qismində çıxış edərək texnologiyalar sahəsindəki trendlərdən bəhs edəcək və öz təcrübəsini bölüşəcək.
Sammitdə elektron ticarət, süni intellekt, telekommunikasiyalar kimi mövzulara və bir çox digər sahələrə həsr olunmuş çıxış, müzakirə və seminarların keçirilməsi planlaşdırılır.
Tədbirdə 3800-dən çox qonağın iştirakı və 100-ə yaxın startapın təqdimatı gözlənilir.
Xatırladaq ki, "InMerge Innovation Summit" 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçiriləcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)