Bakı. Trend:
Xəzər dənizinin sahilində 2-ci "SEA BREEZE İNVESTMENT FORUM" investisiya forumu çərçivəsində "Caspian Dream Liner" layihəsi ərazisində zaman kapsulunun təməlqoyma mərasimi keçirilib.
Trend xəbər verir ki, forumun iştirakçıları, investorlar və biznes nümayəndələri regionun inkişafında yeni mərhələnin başlanğıcını əks etdirən bu simvolik hadisəyə şahidlik etmək üçün bir araya gəliblər.
Qeyd olunur ki, müasir və ekoloji cəhətdən təmiz yaşayış kompleksinin yaradılmasına yönəlmiş "Caspian Dream Liner" layihəsi sahilin əsl incisinə çevrilməyi vəd edir.
"Zaman kapsulu "Seabreeze"də planlaşdırdığımız və artıq həyata keçirdiyimiz hər şeyi qoruyub saxlamağımıza imkan verəcək. 10 ildən sonra hər şey qaydasında getsə və biz birlikdə olsaq, onu açacaq və planlarımızın gələcəkdə müşahidə edəcəyimiz reallığa nə dərəcədə uyğun olduğunu görəcəyik" - "SEA BREEZE RESORT" kurort şəhərinin sahibi Emin Ağalarov deyib.
Qeyd edək ki, zaman kapsulunun içərisinə bu gün tikinti mərhələsində olan 6 kilometrlik ərazini əks etdirən baş plan yerləşdirilib.
"Hazırda bir milyon kvadrat metrə yaxın hissə inşa olunub, 1 milyon 200 min kvadrat metr hissə tikinti prosesindədir. Bu il və gələn il baş planda nəzərdə tutulan bütün layihələri işə salacağıq. Bu, təqribən 5 milyon kvadrat metr və 7 milyard dollara yaxın investisiya deməkdir. Bu gün il boyu danışıqlar apardığım tanış simalar bizimlədir. Bunlar bütün dünyada fəaliyyət göstərən böyük şirkətlərin nümayəndələri və təcrübəli developerlərdir. Çox şadam ki, onlar "SEA BREEZE" layihəsinə qoşularaq öz enerji, təcrübə və biliklərini töhfə verəcəklər", - deyə Emin Ağalarov əlavə edib.
Bundan başqa, iqtisadiyyat naziri Mikayıl Cabbarov baş planı "Uğurlar" sözü ilə imzalayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)