Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Əhalinin gəlirlərini bəyannamə formasında sistemə salmaq üçün hökumət ilk növbədə müəyyən həvəsləndirmə tədbirləri həyata keçirməlidir. Azərbaycan Vergilər Nazirliyindən verilən məlumata görə, bu tədbirlərdən biri vergi amnistiyasının aparılmasıdır ki, bunu etmədən fiziki və hüquqi şəxslərin gəlirlərinin bəyannamə formasında bildirilməsi sistemini yaratmaq mümkün olmayacaq.
Bu cür təcrübə bir çox dünya ölkələrində aparılıb. Son illərdə, xüsusuilə Avropa ölkələrində vergi amnistiyaları nəticəsində dövlət büdcəsinə iri həcmdə vəsaitləri qaytarmaq mümkün olub. Azərbaycanda ümumi bəyannamə sisteminə keçilməsi yalnız gəlirlərin qanuniləşdirilməsini deyil, eyni zamanda dövlət büdcəsinə daxil olmaları, vergi yığılmasının həcmini artıracaq. Vergi bəyannaməsi verməkdən azyaşlı uşaqlar, əhalinin əmək qabiliyyətli olmayan hissəsi, həmçinin hərbi qulluqçular, axtarışda olanlar, azadlıqdan məhrum olunanlar və ölkə xaricində əsirlikdə olanlar azad olunacaq.
Vergilər Nazirliyi vəzifəli şəxslərin vergi bəyannaməsi verməsi qaydalarını hazırlayaraq Naqzirlər Kabinetinin təsdiqinə verib.
"Bəyannamə sisteminə keçid çətin prosesdir. Bu proses nəticəsində ölkə əhalisi bütünlüklə bu sistemə keçməlidir. Bunu həyata keçirmək üçün baza hazırlığı tələb olunur. İlk növbədə bu vəzifəli şəxslərə aid olunacaq",-deyə nazirlikdən bildirilib.