Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/ Hazırda Azərbaycanın Vergilər Nazirliyində hazırlanan ƏDV-hesablarının alternativ çek variantı kifayət qədər effektiv olmayacaq. Bunu nazirliyin Vergi siayasəti və strateji araşdırmalar Baş İdarəsinin Qanunvericilik və metodologiya şöbəsinin rəhbəri Şamil Ərəbov söyləyib.
ƏDV-hesablarının tətbiq edilməsi üç il bundan öncə ƏDV inzibati sistemini təkmilləşdirmək üçün təklif olunub. Bu sistemin tətbiqi verginin bu növü üzrə dövlət büdcəsinə ödəmələri 30-50 faiz artırmağa imkan verəcək. Hazırda Azərbaycanda ƏDV dərəcəsi 18 faizdir.
Ərəbov qeyd edib ki, alternativ variant 100 manat və daha artıq nominalda qiymətli kağızların-çeklərin buraxılışını nəzərdə tutur.
"Sahibkarlar əməliyyat apararkən nağd olaraq 100 manat və 18 manatlıq çek ödəyəcəklər ki, bu da ƏDV-dir" - deyə o söyləyib.
Ərəbov həmçinin bildirib ki, bu cür hesablaşma aparılarkən saxtakarlıq hallarının olması istisna olunmur ki, bu da iri həcmli fırıldaqçılığa gətirib çıxaracaq. Buna görə də bu mexanizm təsirsiz hesab olunur.
2001-2005-ci illərdə saxta hesab-fakturalar təqdim etmək yolu ilə vergi ödəyiciləri ƏDV üzrə vergitutmadan 3,4 mlrd. köhnə manat dəyərində hesab gizlədiblər. Bu dövr ərzində dövlət büdcəsinə ƏDV-dən 626,4 mln. köhnə manat dəyərində vəsait daxil olmayıb. 2007-ci ildə Vergilər Nazirliyi tərəfindən ƏDV üzrə dövlət büdcəsinə 580 mln. manat dəyərində vəsaitin daxil olacağı proqnozlaşdırılır.