Azərbaycan, Bakı, 04 iyun / Trend , A.Bədəlova/ BP şirkəti Azərbaycanda "Azəri-Çiraq-Günəşli" layihəsi çərçivəsində neft hasilatının üçdə bir dəfə artırılması təklifi ilə çıxış edib. Bu layihə üzrə müqavilə 1994-cü ildə imzalanıb.
"Azəri-Çiraq-Günəşli" yatağında sutkada 1 mln. bareldən (illik 50 mln. ton neftdən çox) çox stabil neft hasilatının müddəti əvvəllər planlaşdırıldığı kimi 2009-cu ildən 2013-cü ilədək deyil, 2009-cu ildən 2019-cu ilədək artırıla bilər. Bu haqda "BP Azerbaijan" şirkətinin prezidenti Bill Şreder çərşənbə günü Bakıda "Neft və Qaz, Neft emalı və Neft kimyası" 15-ci beynəlxalq yubiley konfransında çıxışı zamanı deyib. Sərgi və konfrans "Iteca Caspian" şirkəti tərəfindən təşkil edilib.
Beləliklə, yataqdan çıxarılan ümumi neft ehtiyatları 9 mlrd. barelədək arta bilər.
Sutkada 1 mln. bareldən çox stabil neft hasilatı müddətinin uzadılması "Balaxanı" lay dəstindən "Çiraq" yatağında 2013-cü ildə platformanın tikintisi hesabına mümkün olacaq. Bu platformadan hər il sutkada 100 min barel neft hasil olunacaq. 2015-ci ildə "Balaxanı" lay dəstində hasilat məqsədilə "Azəri" yatağında yeni platformanın quraşdırılması, həmçinin hasilatı sutkada daha 100 min barel artırmağa imkan yaradacaq. BP "Balaxanı" lay dəsti hesabına əlavə 320-350 mln. barel neft hasil etməyi planlaşdırır.
"Həmçinin daha kişik obyektlərdən hasilat üçün quyu şəbəkəsinin sıxlaşdırılması da mümkündür. Ümumilikdə, yeni texnologiyalar hesabına əlavə olaraq 1 mlrd. barel neft hasil etmək olar", - deyə Şreder bildirib.
"Azəri-Çiraq-Günəşli" yatağında Bakı-Tbilisi-Ceyhan boru kəmərilə idxal edilən "Azeri Light" növlü neft hasil olunur.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]