Azərbaycan, Bakı, 19 avqust / Trend , müxbir A.Bədəlova, U.İsmayılova /
Ekspertlər hesab edirlər ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi tez bir zamanda həll edilməyəcək.
"Yaxın zamanda danışıqların fəallaşmasını gözləmək olar, bu məsələ üzrə hər hansı bir konvensiyanın qəbul edilməsini gözləmək isə tezdir", - Trend -a Moskvadan telefonla "Komersant" qəzetinin baş redaktoru Azər Mürsəliyev bildirib.
Rusiya Prezidenti bu həftə Xəzər əməkdaşlığı məsələləri üzrə iclasda Xəzərin statusu ilə bağlı danışıqları fəallaşdırmağa çağırıb. Onun sözlərinə əsasən, "Rusiya Xəzərin dostluq, stabillik və qarşılıqlı səmərəli əməkdaşlıq zonası olaraq qalmasında çox maraqlıdır". Bu məqsədlə "Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə danışıqlar prosesini fəallaşdırmaq vacibdir".
Mürsəliyevin sözlərinə əsasən, Rusiya Prezidentinin bu kimi bəyanatı ilk deyil. O hesab edir ki, bu kimi razılaşmaların qəbul edilməsi yalnız bütün iştirakçıların razılığı əsasında mümkündür. "Təcrübənin göstədiyi kimi, beş ölkə razılığa gəlməkdə çox çətinlik çəkir", - o bildirib. Rusiyalı ekspertlərin fikrincə, sahilyanı ölkələr Xəzərin statusu məsələsinin tez bir zamanda həll edilməsinə tələsmirlər.
Mürsəliyev hesab edir ki, Bu məsələnin qəti olmayan həlli yolu tapılıb, bu Rusiya və Azərbaycan, Rusiya ilə Qazaxıstan, Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli müqavilələrin imzalanmasıdır. Yəni "çalışan model" artıq fəaliyyət göstərir. Təkmilləşdirilmiş və səmərəli modelin qəbulu isə illərlə davam edə bilər.
Xəzər dənizi üzrə ölkələrin mövqeləri Mürsəliyevin də dediyi kimi, sadəcə uzaq deyil, eyni zamanda başlıca olaraq bir-birinə ziddir. Mürsəliyev hesab edir ki, İranı əmin etmək çox çətindir və ölkələr də öz mövqeyindən geri çəkilməyəcək.
UniCredit Group beynəlxalq maliyyə qrupu tərkibinə daxil olan Unicredit Securities investisiya şirkətinin analitiki Pavel Sorokin hesab edir ki, bu kimi bəyanatlar daha çox siyasi oyunlardır. Onun fikrincə, Rusiyanın regionda təsiri Xəzərin statusu məsələsinin həllinin tezləşdirilməsini gözləmək baxımından elə də böyük deyil.
"Rusiyanın Xəzərdə rolu tranzit ölkə rolu kimi istisna olmaqla elə də böyük deyil, "Nabukko" qaz kəmərinin meydana çıxması ilə bu rol azalacaq. Və hazırda zəifləmiş təsirin gücləndirilməsi, həmçinin digər ölkələrin tərəfdaşlığa marağını artırmaq üçün cəhdlər edilir", - Trend -a Moskvadan telefonla Sorokin bildirib.
Müstəqil politoloq Rasim Musabəyov hesab edir ki, Xəzər dənizinin statusunun müəyyənləşdirilməsi gündəlikdə qalacaq, lakin iş münaqişəyə çevrilməyəcək.
Politoloqun fikrincə, status məsələsini həll etmək üçün Azərbaycan və Türkmənistan ikitərəfli danışıqlar həyata keçirməlidir.
"İkitərəfli danışıqların aparılması daha səmərəli ola bilər", - Musabəyov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı : [email protected]