Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir E.İsmayılov /
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qış mövsümündə İrana qaz ixracına başlamaq üçün danışıqlar aparır. Bu barədə bazar ertəsi şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
"Keçən il biz İrana müəyyən həcmdə qaz ixrac etmişdik. Yəqin ki, bu ilin qış mövsümündə də İrana müəyyən həcmdə qaz ixracı həyata keçiriləcək", - ARDNŞ prezidenti deyib.
Onun sözlərinə görə, konkret həcmdən danışmaq tezdir, danışıqlar hələ davam edir.
ARDNŞ rəhbərinin dediyinə görə, hazırda İran ilə Azərbaycanı birləşdirən boru kəmərində təmir işləri gedir, həmçinin Azərbaycanın istədiyi həcmdə qaz ixracı üçün kompressor stansiyalarının gücü artırılır.
"Azərbaycan dörd istiqamətdə -Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətlərində qaz ixrac edir. Hazırda Türkiyə və Gürcüstana qaz ixrac olunur. İlin əvvəlindən isə Rusiyaya da Azərbaycan qazının nəqlinə başlanılacaq", - Abdullayev deyib.
Azərbaycan və İranı Hacıqabul(Qazıməhəmməd)-Astara-Bənd-Biand qaz kəməri bağlayır. Onun ümumi uzunluğu 1474,5 kilometr, Azərbaycandakı hissəsi 296,5 kilometrdir. Buraxılış gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istifadəyə verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Onun trassında üç kompressor stansiyası tikilib - Hacıqabul, Ağdaş və Qazax. Qaz nəqli sistemi 55 dərəcəli atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]