Türkmənistan, Aşqabad, 13 avqust /Trend, müxbir H.Həsənov/
"Türkmənqaz" Dövlət Konserninin sədri Nuru Məhəmmədova "vəzifə səlahiyyətlərinin qeyri-qənaətbəxş icrası, dövlət konserninin tapşırıqlarının yerinə yetirilməsində buraxılan səhvllərə görə" xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.
Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun sərəncamına görə, "ən qısa müddətdə yol verilən çatışmazlıqlar düzəldilməsə, o, tutduğu vəzifədən dərhal azad olunacaq".
Ölkə rəhbəri "sahə infrastruktur obyektlərinin inşası, abadlaşdırılması və yeni qaz yataqlarının istismara verilməsi üzrə bir sıra layihələrin reallaşdırılmasının gedişindən narazılığını" ifaadə edib.
Məhəmmədov hökumətin sonuncu iclasında ölkədə "2030-cu ilədək olan dövrdə neft-qaz sahəsinin inkişaf proqramı"nın reallaşdırılması çərçivəsində qaz sənayesinin inkişafının əsas göstəriciləri üzrə hesabat verib.
Türkmənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, məruzəçi hazırda Rusiya, İran və Çinə ixrac olunan türkmən təbii qazının marşrutlarının şaxələndirilməsi üzrə görülən işlər barədə hesabat verərkən, yeni qaz nəqliyyatı layihələrinin işlənməsi və gələcəkdə ölkədə təbii qaz hasilatının artırılmasına yönəldilən tədbirlər barədə məlumat verib.
Hesabatı dinləyən Berdıməhəmmədov qeyd edib ki, "təbii qaz istehsalı templərinin sürətlənməsi xüsusilə vacibdir, bu da beynəlxalq bazarlarda türkmən təbii enerji resurslarına nəhəng tələbatla, eləvə də türkmən dövlətinin sənaye-iqtisadi potensialının artması ilə şərtlənir".
"Bu gün milli konsernə irimiqyaslı layihələri, eləcə də Şərq-Qərb qaz kəmərinin tikintisini müstəqil yerinə yetirmək tapşırılıb", - o bildirib və "bütün işlərin müəyyən edilmiş müddətdə və yüksək keyfiyyətlə, ən yeni texnologiyalar geniş tətbiq olunmaqla yerinə yetirilməsini" tələb edib.