...

20 oktyabr – Azərbaycan energetiklərinin peşə bayramı günüdür

Energetika Materials 20 Oktyabr 2012 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

"Azərikimya"nın energetika şöbəsində müstəqil Azərbaycanın orden və medallarına, yüksək tituluna layiq görülmüş üç təcrübəli energetik çalışır. Onların hər üçü uzun illər Sumqayıtın müxtəlif müəssisələrində çalışaraq, şəhərin, o cümlədən neft-kimya sənayesinin yüksək peşəkarlığa malik, aparıcı mütəxəssisləri kimi tanınırlar.

35 ildən artıq şəhərin ilk kimya müəssisəsində - Səthi aktiv maddələr zavodunda işləyərək, adi çilingərlikdən baş energetik vəzifəsinədək yüksəlmiş Akif Eminov müəssisənin etibarlı enerji təchizatına nail olduğuna, çoxsaylı yenilikçi təklifləri ilə zavodun enerji sisteminin səmərəli fəaliyyətini təmin etdiyinə görə 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. İki il əvvəl o, Birlik aparatında böyük energetik vəzifəsinə dəvət olunub.

Bu gün "Azərikimya"nın Energetika şöbəsinə rəhbərlik edən, bir vaxtlar Sumqayıtın elektrik şəbəkəsi sistemində çalışaraq, sıravi mühəndislikdən direktor vəzifəsinədək böyük əmək yolu keçmiş İslam İslamovu çoxları səriştəli, nüfuzlu bir energetik kimi yaxşı tanıyır. O, Sumqayıtın elektrik sisteminin müasir tələblər səviyyəsində yenidən qurulması ilə yanaşı, son illərdə "Azərikimya" İstehsalat Birliyinin müəssisələrində elektrotexniki avadanlığın yeniləşdirilməsi, vahid məhsul istehsalına enerji sərfinin azaldılması, enerjidaşıyıcılara qənaət edilməsi sahəsində də uğurlar qazanılmasına nail olub. Çoxillik elmi-təcrübi biliklərinin, elmi axtarışlarının nəticəsi olaraq texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüş İ.İslamov 10 ildən artıq Sumqayıt Dövlət Universitetində müəllim kimi çalışaraq, gənc energetiklər nəslinin hazırlanmasına da öz töhfəsini verib. Sumqayıtın inkişafında xidmətlərinə görə ona ölkə Prezidenti tərəfindən "Əməkdar mühəndis" fəxri adının verilməsi onun çoxillik energetik əməyinin layiqli qiymətidir.

Şöbənin digər mütəxəssisi Rövşən İsgəndərovun da "Üzvi sintez" zavodunda 30 ilə yaxın əmək fəaliyyəti adi elektromontyorluqdan baş energetik vəzifəsinədək davam edib. Bu gün şöbə rəisi İ.İslamov haqlı olaraq fəxr edir ki, hələ 20 il əvvəl ali məktəbdə tələbəsi olmuş Rövşən indi öz istedadı, bacarığı sayəsində onunla yanaşı eyni şöbədə, həm də bilavasitə özünün müavini kimi işgüzarlıqla çalışır. Keçmiş müəllim kimi onu daha çox sevindirən isə daim gənclik həvəsi ilə yenilik axtarışında olan, böyük və mürəkkəb neft-kimya kompleksinin enerji təminatının daha səmərəli təşkilinə çalışan tələbəsinin də əməyinin ölkə başçısı tərəfindən yüksək qiymətləndirilməsi və "Tərəqqi" medalına layiq görülməsidir.

Xüsusilə diqqətəlayiqdir ki, son zamanlar bu ordenli-titullu mütəxəssislər gələcəkdə estafeti gənclərə vermək üçün sabahın daha müasir elektrik avadanlıqlarını bacarıqla idarə edə biləcək gənc energetiklər nəslinin yetişdirilməsinə də xüsusi diqqət və qayğı göstərirlər. Və bu gün - energetiklərin şərəfli peşə bayramı ərəfəsində onların hər biri xüsusi təbrikə və təşəkkürə layiq olduqlarını fədakar əməkləri ilə bir daha təsdiq etməkdədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti