...

Qazaxıstan: "boru" seçimi

Energetika Materials 14 Oktyabr 2014 16:41 (UTC +04:00)
Rusiya ilə Qərb arasında sanksiya müharibəsi artıq çoxdandır ki, bu oyunçuların sərhədlərindən kənara çıxaraq onların Ukrayna ilə münaqişəyə bilavasitə aidiyyəti olmayan tərəfdaşlarına da toxunmağa başlayıb.
Qazaxıstan: "boru" seçimi

Trend-in Rus xəbərlər xidmətinin rəhbəri Seymur Əliyev

Rusiya ilə Qərb arasında sanksiya müharibəsi artıq çoxdandır ki, bu oyunçuların sərhədlərindən kənara çıxaraq onların Ukrayna ilə münaqişəyə bilavasitə aidiyyəti olmayan tərəfdaşlarına da toxunmağa başlayıb. Bəzi ölkələr öz ənənəvi iqtisadi layihələrinin modellərinə yenidən baxmağa, yeni logistik sxemlər haqqında düşünməyə məcbur olurlar.

Qazaxıstan gələcəkdə Rusiyaya qarşı sanksiyalar tətbiq ediləcəyi halda Çin və İran vasitəsilə neft ixracı variantlarını işləyib hazırlayır. Bu barədə "Novosti-Kazaxstan" İA bu ölkənin Milli İqtisadiyyat Nazirliyinə istinadən xəbər yayıb. Nazirliyin məlumatına görə, Aktau dəniz limanı vasitəsilə Bakıya, daha sonra Azərbaycandan dünya bazarlarına neft ixracı variantları hazırlanır.

İran vasitəsilə neft ixracının mümkünlüyü Xəzər regionu üçün yeni deyil və müəyyən mənada bu marşrut artıq yoxlanılıb və yerinə yetirilib. Tədarüklər SWAP-əməliyyatlar çərçivəsində həyata keçirilir. Bu zaman İran Orta Asiya neftini Xəzərdəki limanlarında alır və alınan həcmləri Fars körfəzinə ötürür.

İdeya maraqlıdır, lakin burada iki "əmma" var: əvvəla, neft ənənəvi olaraq təkliflərlə tam dolu olan Fars körfəzi bazarına düşür, ikincisi isə Tehranla Qərb arasındakı qarşılıqlı problemli münasibətlər Qazaxıstanı narahat etməyə bilməz.

Çinə gəldikdə, bu ölkənin inkişaf etməkdə olan bazarı Qazaxıstanın ixrac etmək istədiyi istənilən həcmi "udmağa" hazırdır. Lakin Astana üçün bu, ilk növbədə, şaxələndirmə maraqlarına uyğun gəlməyən yeganə bazara girişdir. Bununla yanaşı, nə Rusiya, nə də Qərb heç vaxt Astananı Pekin istiqamətində itələmək istəməzdilər.

Qazaxıstan üçün nisbətən daha maraqlı və cəlbedici bazar əvvəlki kimi Avropa olaraq qalır. Həmin bazarlarda tender şərtləri ilə neft satışı ilə yanaşı, Qazaxıstanın Avropadakı emal aktivləri kimi mühüm komponentləri də nəzərə almaq lazımdır.

Bu gün Qazaxıstan nefti Azərbaycan vasitəsilə, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Aralıq dənizi sahillərinə nəql olunur. Qazaxıstandan neft ixracı üçün Azərbaycandan dəmiryolla da Qara dənizə çıxmaq mümkündür. Beləliklə, bu gün Xəzərin şərq sahillərindən istehsalçılar üçün Trans-Xəzər istiqamətinin aktuallığı yenidən artır.

Bu gün Rusiya, Qazaxıstan və Belarus Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi əməkdaşlığı inkişaf etdirirlər. Lakin Rusiyaya qarşı sanksiyaların olması bütün Aİİ iqtisadi məkanına bilavasitə təsir edir. Belarus Qərbin sanksiyalarına alışıbsa, Qazaxıstan isə artıq indi gələcəkdə yarana biləcək vəziyyətdən çıxmaq üçün yollar axtarmağa başlayır.

İstisna etmək olmaz ki, sanksiyalar birbaşa və ya dolayısilə nəhəng ərazini, zəngin karbohidrogen və təbii resursları özündə birləşdirən, 170 milyon nəfərlik əhalisi olan Aİİ yeni iqtisadi birliyinə qarşı yönələ bilər.

Böyük karbohidrogen ehtiyatlarına malik olan postsovet məkanının bütün ölkələrinə xas olan iqtisadiyyatın enerji sektorundan asılılığı xüsusilə sanksiya müharibəsinin nəticəsi ola biləcək beynəlxalq bazarlarda neftin qiymətlərinin kəskin azaldığı şəraitdə bu sahədə şəxsi maraqların müdafiəsini və şaxələndirilmiş tədarük sisteminin yaradılmasını həyati əhəmiyyətli edir.

Bununla yanaşı, ixrac həcmlərindən asılı olmayaraq marşrutların hamısını qüvvədə saxlamaq vacibdir. Bu, bu gün üç ixrac neft kəmərinə və dörd qaz kəmərinə malik Azərbaycanın timsalında yaxşı görünür. Bakı-Tbilisi-Ceyhan kimi səmərəli neft ixracı marşrutu olmasına baxmayaraq, Qara dənizdən Gürcüstan və Rusiya ərazisi vasitəsilə neft ixracı marşrutları qalmaqda davam edir.

Ukrayna ətrafında yaranmış vəziyyət enerjidaşıyıcıların nəqli marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini bir daha göstərir. Bu, ölkələrə siyasi vəziyyətin daim dəyişdiyi şəraitlərdə öz enerji təhlükəsizliyini yüksək səviyyədə saxlamağa və müstəqil enerji siyasəti yürütməyə kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti