...

SOCAR: Azərbaycanda şistdən neft və qaz hasil etmək imkanı var

Energetika Materials 29 Aprel 2015 17:35 (UTC +04:00)
Azərbaycanda şistdən neft və qaz hasil etmək üçün imkanlar mövcuddur.
SOCAR: Azərbaycanda şistdən neft və qaz hasil etmək imkanı var

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbirlər Hüseyn Vəliyev, Maksim Tsurkov/

Azərbaycanda şistdən neft və qaz hasil etmək üçün imkanlar mövcuddur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, SOCAR-ın mənimsədiyi son yataqlar əsasən qaz-kondensat yataqlarıdır: "Buna səbəb hazırda dərin obyektlərdə işləməyimizdir. Buna görə də 6-7 min metr dərinlikdə neft aşkar etmək ehtimalı azdır. Bunlar əsasən qaz yataqlarıdır. Şübhəsiz ki, 240 milyon ton kondensat həcmində kondensat yataqları da var".

X.Yusifzadə qeyd edib ki, son vaxtlar neft quyularının mənimsənilməsi yubanır: "Neft hasilatını artırmaq üçün nə etmək lazımdır? Birincisi, neftçıxarma əmsalını artırmaq lazımdır. Bu günədək quruda 1 milyard ton neft hasil etmişik. Lakin balans ehtiyatı və hasilat ehtiyatı mövcuddur. Azərbaycanda hasilat ehtiyatı cəmi 40 faizdir. Hasilat ehtiyatını 10-20 faiz artıra bilsək, neft hasilatını xeyli artırmaq olar".

Vitse-prezident əlavə edib ki, neftçıxarma əmsalını artırmaq üzərində işləyən xüsusi komissiya yaradılıb: "Digər məsələ Mezozoy çöküntülərinin araşdırılmasıdır. Hazırda biz bu sahədə "Total", "ConocoPhillips", "Statoil" şirkətləri ilə çalışırıq. AMEA ilə bu məsələ üzrə danışıqlar da aparılır".

Onun fikrincə, üçüncü vacib məqam neft-qaz sahəsində nanotexnologiyaların tətbiq edilməsidir ki, bu da neftçıxarma əmsalını yüksəldəcək: "Vacib məqamlardan biri də şistdən neft və qaz hasil etməkdir. Bu məsələdə hələ müəyyən fikir ayrılıqları var, lakin hesab edirik ki, Azərbaycanda nəticəsi necə olursa-olsun, şistdən neft və qaz hasil etmək imkanı var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti