Bakı. Trend:
28 May adına Neft və Qazçıxarma İdarəsinin istismar etdiyi istehsalat obyektlərinin fasiləsiz və etibarlı elektrik enerjisi ilə təmin olunması istiqamətində mühüm işlər görülür.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu məqsədlə elektrik quraşdırma işləri uğurla davam etdirilir, yeni kabel xətləri çəkilməklə yanaşı, istismara yararsızlar təmir olunur. Bu günlərdə Çilov adasının ətrafında yerləşən 123, 80 və 95 saylı dəniz özülləri arasındakı sualtı elektrik kabelləri "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Neftqaztikinti" Tresti tərəfindən əsaslı təmir edilib və istismara verilib.
Elektrik təchizatı sisteminin yenidən qurulması işləri zamanı ümumi uzunluğu 2 kilometrə yaxın HXJLMKPY-IV markalı 6 kV-luq sualtı kabel xətti çəkilib, 30 ədəd polad dayaq quraşdırılıb və sınaq yoxlama işləri aparılıb.