Bakı. Trend:
Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük imkanlarının ikiqat artırılması üzrə bazar sınağı çərçivəsində məcburi təkliflərin qəbulunun ikinci mərhələsi 2023-cü ilin sentyabr ayına planlaşdırılıb.
Trend bu barədə TAP-ın səhmdarlarından biri olan "Enagas" ispan şirkətinə istinadən xəbər verir.
"2021-ci ildə başladılmış bazar sınağının yekunlarına görə, 2026-cı ildən başlayaraq əlavə olaraq 1,2 milyard kubmetr həcmində qaz nəqli planlaşdırılır. Bazar sınağının ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur, bu mərhələnin yekunlarına əsasən boru kəmərinin ötürücülük imkanlarının 20 milyard kubmetrədək ikiqat artırılması mümkündür", - şirkətin hesabatında deyilir.
Şirkətin məlumata görə, 2022-ci il dekabrın 31-də TAP vasitəsilə təbii qaz nəqlinin iki ili tamam olub.
"Həmin vaxtdan etibarən TAP vasitəsilə Avropaya 19 milyard, 2022-ci ildə isə 11 milyard kubmetr təbii qaz nəql edilib. 2022-ci ildə TAP vasitəsilə İtaliyaya təbii qaz nəqlinin həcmi 2021-ci illə müqayisədə 41 faiz artıb ki, bu da ölkəyə rus qazının idxalındakı azalmanı kompensasiya edib", - hesabatda deyilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.
31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.
Twitter: @Lyaman_Zeyn