Bakı. Trend:
Yeni "Mərkəzi-Şərqi Azəri" (ACE) platformasında ilk istismar quyusunun qazılması yaxın günlərə planlaşdırılır.
Trend xəbər verir ki, bunu bp şirkətinin vitse-prezidenti Kolin Allan Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu İllik Xəzər Texniki Konfransında deyib.
"Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağının bu hissəsindən ilk neftin 2024-cü ilin birinci rübündə əldə olunacağı gözlənilir. Proqnozlara görə, "Mərkəzi-Şərqi Azəri" platformasından 300 milyon ton neft hasil olunması proqnozlaşdırılır ki, bu da gündəlik 100 min bareldən çoxdur. Bu həcm AÇG-də hasilatın ümumi azalmasının kompensasiyası üçün kritikdir və bir neçə il ərzində istehsalı sabit səviyyədə saxlamağa kömək edəcək", - deyə o əlavə edib.
Qeyd edək ki, ACE platformasından ilk neft hasilatı gələn ilin əvvəlinə planlaşdırılır. ACE platforması və avadanlığı gündəlik 100 min barelədək neft emalı üçün nəzərdə tutulub. Layihənin bütün icra müddəti ərzində 300 milyon barelədək neft hasil ediləcəyi gözlənilir. Platforma məsafədən Səngəçal terminalından idarə olunacaq və yeni innovativ avtomatlaşdırma sistemini özündə birləşdirəcək.
AÇG-də iştirak payları aşağıdakı kimidir: BP- 30,37%; SOCAR- 25,00%; MOL- 9,57%; INPEX- 9,31%; Equinor- 7,27%; ExxonMobil- 6,79%; TPAO- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.
(Tərcümə: Rəna Əbdürəhmanova)