Bakı. Trend:
Son illərdə Azərbaycanda sahibkarların elektrik təchizatı şəbəkəsinə qoşulmalarını asanlaşdırmaq və şəffaflığı artırmaq məqsədilə mühüm islahatlar həyata keçirilir. Bu, biznes sahibləri üçün yeni imkanlar yaradır və ölkədə işgüzar mühitin daha da yaxşılaşdırılmasına xidmət edir.
Trend Azərbaycanda elektrik təchizatı şəbəkəsinə qoşulmada son yeniliklərlə bağlı görülən işlərə nəzər salaraq xəbər verir ki, 2024-cü ilin 3 iyun tarixindən etibarən "Enerji Təchizat Şəbəkəsinə Qoşulma" adlı vahid bir xidmətin tətbiq olunması enerji istehlakçılarının müraciət prosesini asanlaşdırıb.
Elektron müraciətlərin tətbiqi ilə hər bir istifadəçi evdən çıxmadan, https://e-gov.az/ və https://e-service.azerishiq.az/ saytları vasitəsilə şəbəkəyə qoşulmaq üçün müraciət etməklə yanaşı müraciətin icra statusu barədə asanlıqla məlumat əldə edə bilər. Bu, həm qoşulma sürətini artırır, həm də insan müdaxiləsini minimuma endirərək şəffaflığı təmin edir.
Yenilənmiş qaydalar çərçivəsində, tələb olunan gücü 200 kVt-a qədər tikinti obyektlərinin mövcud 0,4 kV-luq şəbəkədən elektrik təchizatı şəbəkəsinə qoşulması iki mərhələdə və 20 gün ərzində həyata keçirilir. Əvvəllər bu hədd 150 kVt idi. Güc həddinin artırılması daha çox sahibkara sürətli qoşulma imkanı yaradıb. Eyni zamanda, Tarif Şurası tərəfindən tətbiq edilən tarif siyasəti sahibkarların xərclərini daha aydın və şəffaf edir. Hazırda məişət abonentləri və gücü 200 kVt-a qədər olan obyektlər üçün 1-fazlı qoşulmalarda 10 kVt-a qədər hər kVt güc üçün 40 manat, 10,1 kVt-dan 20 kVt-a qədər hər kVt gücə 60 manat, 3-fazlı qoşulmalar üçün isə hər kVt gücə 293 manat ödəniş tələb olunur.
Sahibkarlar üçün ən cəlbedici yeniliklərdən biri də bərpa olunan enerji mənbələrindən istifadənin dəstəklənməsidir. Artıq sahibkarlar günəş panelləri kimi alternativ mənbələrdən istifadə edərək maksimum 150 kVt gücündə qurğular vasitəsilə yaşıl enerji istehsal edə və şəbəkəyə ötürərək gəlir əldə edə bilərlər. Bunun üçün ikiistiqamətli sayğac quraşdırmaq tələb olunur. Bu mexanizm sahibkarlara enerjiyə qənaət etməklə yanaşı, əlavə qazanc mənbəyi təqdim edir.
Bu yeniliklər yalnız sahibkarların işini asanlaşdırmaqla kifayətlənmir, həm də bərpa olunan enerji mənbələrinin tətbiqini genişləndirməklə Azərbaycanın yaşıl iqtisadiyyata keçidini sürətləndirir.
Azərbaycanda sahibkarlar üçün yaradılmış bu əlverişli şərait, ölkənin biznes mühitinin inkişafında əhəmiyyətli rol oynayır, enerjidən daha effektiv və qənaətli istifadəyə imkan verir. Elektrik təchizatı şəbəkəsinə qoşulma prosesindəki bu dəyişikliklər investisiyalar üçün cəlbediciliyi artırır.