...

Avropa Azərbaycan qazının idxalının artırılmasına üstünlük verir – Aİ rəsmiləri Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayırlar

Energetika Materials 14 Aprel 2025 14:55 (UTC +04:00)
Avropa Azərbaycan qazının idxalının artırılmasına üstünlük verir – Aİ rəsmiləri Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayırlar
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il aprelin 4-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 1-ci nazirlər iclası və “yaşıl” enerji üzrə Məşvərət Şurasının 3-cü nazirlər iclası Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və strateji cəhətdən mühüm tərəfdaş kimi artan rolunu bir daha nümayiş etdirdi. Bu tədbirlər ənənəvi və bərpa olunan enerji sahələrində mövcud və perspektivli əməkdaşlıq istiqamətlərinin, habelə enerji resurslarının mənbə və nəql marşrutlarının şaxələndirilməsində Azərbaycanın rolunun müzakirəsi üçün əsas platformaya çevrildi.

İclasların gedişində Avropa ölkələrinin nümayəndələri Azərbaycan qazının tədarük həcmlərinin artırılmasında maraqlı olduqlarını ifadə etdilər. Artan tələbat Azərbaycanın etibarlı və enerji bazarının çağırışlarına operativ reaksiya verməyə qadir tədarükçü olduğunu əməldə də sübut etdiyini bir daha təsdiqləyir.

Azərbaycan isə öz növbəsində ixrac həcmlərinin artırılmasına hazır olduğunu bəyan edir, lakin bu istiqamətdə dayanıqlı və qarşılıqlı faydalı tərəfdaşlığın əsasını təşkil edəcək uzunmüddətli müqavilələrin bağlanmasının vacibliyini vurğulayır. İştirakçılar qeyd etdilər ki, Cənub Qaz Dəhlizi Avropaya enerji tədarükünün şaxələndirilməsi üçün mühüm marşrut olaraq qalır.

Prezident İlham Əliyevin tədbirdə çıxış edərkən dediyi kimi, bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir.

"Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır.

Enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür", - dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, uzunmüddətli müqavilələr prosesi də vacibdir.

"Çünki hamımız bilirik ki, neft və qaz, eləcə də enerji layihələrinə böyük sərmayələr yatırılmalıdır və siz onları uzun illərdən sonra qaytarırsınız. Yeri gəlmişkən, təbii ki, bu günə qədər biz ölkə kimi Cənub Qaz Dəhlizinə sərmayə qoymuşuq, lakin onlar hələ qayıtmayıb. Biz hələ də bu balansda sıfra çıxmamışıq. Ona görə əmin olmalıyıq ki, gələn bir neçə illər əsas bazarımız olacaq Avropada bizim təbii qaza ehtiyac duyulacaq. Yəni, biz əmin olmalıyıq ki, bunun üçün hələ bir neçə il bazar olacaq. Əgər bizdə belə bir təminat olmasa, onda investorlar və ölkələr sərmayə yatırmayacaqlar. Beləliklə, təbii qazın böyük qıtlığı yaranacaq. Bizim ehtiyatlar isə məlumdur. Biz bu il yeni yataqlarda, əsasən “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlamasını gözləyirik. Həmçinin düşünürəm ki, “Abşeron” yatağında hasilatın artırılmasına dair razılaşmanın son mərhələsindəyik. Yəni, ikinci fazaya keçid edərək hazırkı 1,5 milyard kubmetrə minimum 3 milyard kubmetr əlavə olunacaq", - dövlət başçısı bildirib.

Avropanın Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen aprelin 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclası ərəfəsində Trend-ə verdiyi özəl müsahibədə Azərbaycanla Avropa İttifaqının qarşılıqlı olaraq vacib enerji tərəfdaşları olduqlarını diqqətə çatdırıb.

"2024-cü ildə Aİ Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan təxminən 11,7 milyard kubmetr qaz idxal edib ki, bu da 2021-ci illə müqayisədə 44% çoxdur. Azərbaycan qazı Cənub-Şərqi Avropa ölkələrində getdikcə daha çox istehlakçıya çatdırılır. Əsas vəzifələrimizdən biri Azərbaycanla Strateji Enerji Tərəfdaşlığının həyata keçirilməsini davam etdirməkdir. Biz qaz təchizatı, bazar tələbi və əsas qaz infrastrukturlarında lazımi müasirləşdirmə işlərinin aparılması ilə bağlı müzakirələrə dəstək veririk, eyni zamanda, "təmiz" enerjiyə keçidi təşviq edirik", - deyə o bildirib.

Bolqarıstanın Energetika naziri Jeço Stankov öz növbəsində ölkəsinin Azərbaycandan əlavə qaz həcmlərinin alınması üçün infrastruktur inkişafı üzərində aktiv işlər apardığını qeyd edib.

O, Bolqarıstanın dəfələrlə Azərbaycandan idxal olunan təbii qazın həcminin artırılmasında maraqlı olduğunu bəyan etdiyini xatırladıb.

“Bu, təkcə Bolqarıstanın yox, həm də bütövlükdə Cənub-Şərqi Avropa regionunun enerji təhlükəsizliyinin təmin olunması üçün həlledici faktordur. Ukraynada gedən döyüşlər və enerjiresursları qiymətlərinin qeyri-sabitliyi şəraitində Azərbaycan kimi strateji tərəfdaşdan əlavə qaz həcmlərinin alınması getdikcə daha böyük önəm kəsb edir. Məhz bu səbəbdən biz, enerji təhlükəsizliyi və rəqabətədavamlı qaz qiymətlərinə zəmanət verən tədarüklərin təmin olunması istiqamətində fəaliyyəti davam etdirəcəyik”, -deyə Stankov vurğulayıb.

Stankov bildirib ki, "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü Cənub-Şərqi Avropaya genişləndirilmiş yaşıl enerji ticarəti imkanlarından tam istifadə etməyə imkan verəcək ki, bu da regionun enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir

Bu arada, Moldova Respublikasının Energetika naziri Dorin Junqietu isə bildirib ki, onun ölkəsi alternativ tədarük marşrutlarına çıxışı genişləndirməklə, o cümlədən, Cənub Qaz Dəhlizi çərçivəsində təşviq olunan tərəfdaşlıqlar çərçivəsində, öz enerji müstəqilliyini möhkəmləndirməyə çalışır.

Jinqietu Moldovanın kommersiya məqsədləri ilə Yunanıstan-Bolqarıstan interkonnektorundan istifadə edən ilk ölkə olduğunu xatırladıb, eyni zamanda, Aleksandropolis (Yunanıstan) terminalından STQ tədarükündən faydalanmış ilk dövlətlərdən olduğunu diqqətə çatdırıb.

“Təbii qaz Moldovanın enerji balansında həlledici rol oynamağa davam edəcək. O, həm daxili generasiya üçün önəmlidir, həm də bərpaolunan enerji mənbələrinin payının artması şəraitində tarazlaşdırıcı güclərin təmin olunması baxımından əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən biz Moldovanın enerji gələcəyi üçün önəmli bir layiyə olaraq şaquli dəhlizə xüsusi diqqət ayırırıq. Bundan sonra tədarük mənbələrinin şaxələndirilməsi, o cümlədən, Azərbaycandan mümkün idxallar, bizim enerji tələbatımızın ödənilməsi baxımında həlledici əhəmiyyət daşıyacaq”.

Şimali Makedoniya da Avropaya etibarlı qaz tədarüklərinin təmin olunmasında Azərbaycanın artan rolunu vurğulayıb.

Şimali Makedoniyanın energetika, dağ-mədən sənayesi və təbii sərvətlər naziri Sanya Bojinovska Trendə verdiyi özəl müsahibədə bildirib ki, ölkəsi Cənub Qaz Dəhlizini təbii qaz tədarüklərinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və daha dayanıqlı enerji sistemlərinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətli layihə kimi nəzərdən keçirir

Bu kontekstdə Şimali Makedoniya Cənub Qaz dəhlizi çərçivəsində Azərbaycan və başqa tərəfdaşlarla əməkdaşlığı möhkəmləndirməyə və həm milli, həm də regional səviyyələrdə enerji təhlükəsizliyinin təmin olunması istiqamətində konkret addımlar atmağa hazırdır”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Şimali Makedoniya qaz tədarükü mənbələrinin şaxələndirilməsinə güclü dəstək göstərir və Azərbaycan etibarlı tədarükçü kimi bu baxımdan önəmli rol oynayır.

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlleş isə qeyd edir ki, Azərbaycan eneji sektorunda əməkdaşlıq üzrə çox vacib bir tərəfdaşdır.

“2023-cü ildə Macarıstan 100 milyon kubmetr Azərbaycan təbii qazına çıxış əldə edib və gələcəkdə idxal həcmini daha da artırmaq imkanı əldə edib. Korporativ nöqteyi-nəzərdən biz SOCAR və MVM arasında əməkdaşlığın daha da gücləndirilməsini təklif edirik və dəstəkləyirik", - o bildirib.

Öz növbəsində, TAP-ın idarəedici direktoru Luka Skyeppati TAP-ın genişləndirilməsinin birinci mərhələsinin tamamlanması üçün tələb olunan işlərin yubanmadan davam etdirildiyini diqqətə çatdırıb.

Skyeppati hesab edir ki, TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində vacib rol oynaya və öz cari ötürücülük qabiliyyətini tədricən illik 10 milyard kubmetrə çatdırması sayəsində karbonsuzlaşdırma səylərinə böyük töhfə verə bilər.

Skyeppati qeyd edib ki, TAP-ın illik təxminən 10 milyard kubmetr olan uzunmüddətli gücü əvvəlcə 2013-cü ildə 25 illik müddətə bağlanmış qaz nəqli üzrə uzunmüddətli müqavilələr əsasında yükgöndərənlər arasında bölüşdürülüb. Bu müqavilələr layihəyə investisiyaların təmin olunması üçün vacib idi.

"Ancaq biz qaz kəmərinin cari ötürücülük qabiliyyətini tədricən genişləndirsək, TAP Avropanın enerji təhlükəsizliyinə və karbonsuzlaşdırma hədəflərinə daha böyük töhfə verə bilər. TAP-ın əlavə gücləri bazara hər iki ildən bir keçirilən müntəzəm bazar sınaqları çərçivəsində, bazarın marağı olduğu halda təklif olunur.

2021-ci ildə keçirilən bazar sınağının nəticələrinə əsasən, 2024-cü ilin yanvar ayında yekunlaşan məcburi müraciətlər qəbul edilib və bu, 2026-cı ilin əvvəlindən etibarən qaz kəmərinin gücünü illik əlavə 1,2 milyard kubmetr həcmində artırmağa imkan verəcək. Genişləndirmənin birinci mərhələsinin yerinə yetirilməsi üçün tələb olunan işlər hər hansı ləngimə olmadan həyata keçirilir", – deyə Skyeppati vurğulayıb.

O əlavə edib ki, genişləndirmənin birinci mərhələsi gələcəkdə gücün daha da artırılması üçün zəmin yarada bilər və bu proses növbəti bazar sınaqlarında iştirak vasitəsilə mərhələli şəkildə həyata keçirilə bilər.

Beləliklə, Azərbaycan Avropa enerji bazarında öz mövqelərini ardıcıl olaraq möhkəmləndirir və etibarlı, proqnozlaşdırıla bilən və uzunmüddətli tərəfdaş qismində çıxış edir. Qlobal qeyri-sabitliyin artdığı və enerji tədarükünün şaxələndirilməsinə ehtiyacın gücləndiyi bir şəraitdə Avropa ölkələri sabit, dayanıqlı və qarşılıqlı faydalı tədarüklərin mənbəyi kimi getdikcə daha çox Azərbaycana üz tuturlar.

Azərbaycan enerji həmrəyliyi prinsiplərinə sadiqliyini nümayiş etdirərək ixrac marşrutlarını genişləndirir, infrastrukturunu müasirləşdirir və tədarük həcmlərini artırır. Avropa ilə enerji dialoqunun möhkəmləndirilməsi həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə özünü göstərir və birgə enerji təhlükəsizliyi arxitekturasının formalaşmasına xidmət edir.

Eyni zamanda, Azərbaycan ənənəvi enerji mənbələri ilə kifayətlənmir. “Yaşıl” iqtisadiyyata keçid ölkənin milli strategiyasının prioritetlərindən birinə çevrilib. Bərpa olunan enerji mənbələri sahəsində beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq, günəş və külək enerjisi üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişafa və iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal gündəmə inteqrasiya olunmağa can atdığını nümayiş etdirir.

Bu cür balanslaşdırılmış yanaşma – ənənəvi energetika ilə “yaşıl” keçidə yönəlmiş investisiyaların həmahəngliyi – Azərbaycanı Avropanın indiki və gələcək enerji sistemində mühüm bir elementə çevirir.

Xəbər lenti

Xəbər lenti