"Azəri" və dərin sulardakı "Günəşli" (Faza-3) layihəsi çərçivəsində 2006-cı il üçün kapital qoyuluşları 1698 milyon ABŞ dolları təşkil edəcək. Trend in verdiyi xəbərə görə, ilin əvvəlindən bu məqsədlər üçün 713 milyon ABŞ dolları xərclənib.
2006-cı ildə "Azəri" layihəsinə 430 milyon ABŞ dolları sərmayə qoyuluşu nəzərdə tutulub, əvvəlcə bu məbləğdən 253 milyon ABŞ dolları xərclənib. Faza-3 layihəsi çərçivəsində 1268 milyon ABŞ dollarının xərclənməsi nəzərdə tutulub, əvvəlcə bu məbləğdən 460 milyon ABŞ dolları sərmayə qoyulub.
Bu gün BP Azerbaijan şirkətinin "Azəri"-"Çıraq"-"Günəşli" layihəsi üzrə vitse-prezidenti Brüs Lüberski brifinqdə jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, ilin sonuna qədər "Azəri" yatağının şərq hissəsində quraşdırılmış platformadan ilk neft hasilatı gözlənilir. 2008-ci ilin ikinci rübündə isə "Günəşli" yatağının dərin sulardakı hissəsində quraşdırılmış platformadan ilk neft hasilatı gözlənilir.
Ümumiyyətlə, AÇG layihəsi çərçivəsində 10400 nəfər işləyir ki, bunlardan 80% -i azərbaycanlılardır.