...

Hindistan Azərbaycanın neft emalı müəssisələrinin yenidən qurulmasına investisiya qoymaq niyyətindədir

Energetika Materials 12 Aprel 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend / Hindistan müasir texnologiyaları istifadə etməklə Azərbaycanın neft emalı müəssisələrinin yenidən qurulmasında iştirak etməkdə maraqlıdır və bu layihəyə investisiyalar qoymağa hazırdır. Bu sözləri bu gün Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşündə Hindistanın ticarət naziri Çairam Rameş deyib. Hindistanlı nazir həmçinin Azərbaycanın iri şəhərlərindəki qaz-paylayıcı stansiyaların hind şirkətlərinin idarəçiliyinə verilməsi təklifi ilə çıxış edib. Hindistan eyni zamanda azərbaycanlı tələbələri öz ali təhsil ocaqlarına qəbul etməyə hazırdır.

Öz növbəsində Azərbaycanın sənaye və energetika naziri qeyd edib ki, sənaye və energetika sahələrində əməkdaşlıqla bağlı ekspertlər tərəfindən konkret layihələrin hazırlanmasına ehtiyac var. Onun sözlərinə görə, Azərbaycan Hindistanla iqtisadi əməkdaşlıqda maraqlıdır.

Hindistanlı nazir ölkəsinin dünyanın müxtəlif ölkələrində reallaşdırdığı laiyhələri barədə də məlumat verib. Onun bildirdiyinə görə, bu gün Hindistan Latın Amerikası, Afrika və Asiya dövlətlərinin ərazilərində neft emalı sahəsində investisiya proqramını gerçəkləşdirir və bu vaxtadək müvafiq məqsədlərlə 5 milyard dollar sərf edib. Rameş Azərbaycanı da bu layihələrdə iştirak etməyə çağırıb.

Qeyd edək ki, görüşdə ölkəmizin Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti