Qazaxıstan, Astana / " , müxbir V.Şərifov/ Gümə günü "KazMunayQaz" SC neft şirkətinin icraçı direktoru Arman Darbayev Astanada "KazEnergy" tərəfindən təşkil olunan ikinci Avrasiya Energetika Forumunda bəyan edib ki, dünya bazarlarına böyük həcmdə neftin ixracı məqsədilə Qazaxıstan lazım gələrsə Azərbaycan və Gürcüstan ərazisində (Bakı limanından Qara dənizə qədər) yeni kəmər inşa edə bilər.
O, kəmərin mümkün tikintisinin nə vaxt baş tutacağını və dəyərini açıqlamayıb.
Onun sözlərinə görə, Qazaxıstanın Azərbaycandan keçməklə Xəzər dənizi vasitəsilə nəqliyyat sistemində birinci mərhələdə sutkada 500 min barrel (il ərzində 23 mln. ton), ikinci mərhələdə isə sutkada 1,2 mln. barrelə (il ərzində 56 mln. ton) qədər neft nəql etməsi planlaşdırılır.
Qazaxıstanın "Kaşaqan" yatağının işlənməsi layihəsinin bir sıra xarici ölkələrdən olan səhmdar şirkətləri eyni zamanda "Bakı-Tbilisi-Ceyhan" layihəsinin investorlarıdır. Lakin BTC-nin layihə gücü Qazaxıstan neftini nəql etmək üçün kifayət etməyə bilər və "lazım gələrsə biz Bakıdan Qara dənizə qədər yeni kəmər çəkə bilərik".
Bakıya qədər tankerlərlə neftin çatdırılması məsələsinə toxunaraq Darbayev bildirib ki, effektiv nəqlə nail olmaq və karbohidratların keyfiyyətinin qorunub saxlanması məqsədilə Qazaxıstan hesab edir ki, tankerlərin dedveyti 60 min ton təşkil etməlidir.
"Bu məsələ (tankerləri dedveyti) təkcə bizim tərəfimizdən deyil, həmçinin bizim qonşularımız tərəfindən də dəstəklənir" - deyə Darbayev bildirib.