...

“Rabitəbank” 2020-ci ili 12% artımla başa vurub (FOTO)

Maliyyə Materials 21 Yanvar 2021 09:58 (UTC +04:00)

Bakı. Trend:

“Rabitəbank” ASC 2020-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.

“Rabitəbank”dan Trend-ə verilən məlumata görə, belə ki, 1 yanvar 2021-ci il tarixinə bankın aktivləri keçən ilin analoji dövrü ilə müqayisədə 12.3% artaraq 831 mln manat təşkil edib.

Hesabat dövrü ərzində bankın kredit portfeli də 12.2% artaraq 432 mln manata yüksəlib. “COVID-19” pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq ötən il sahibkarları əlçatan biznes kreditləri imkanı ilə təmin edən bank dövr ərzində 109.3 mln manat həcmində biznes kreditlərini müştərilərə ayırmışdır. Bununla yanaşı “Rabitəbank” ipoteka kreditləri portfelini 65% və istehlak kreditlərini isə 11% artırmışdır.

Bankın gəlirləri də 2019-cu il ilə müqayisədə 18% artaraq 63.5 mln manat təşkil edir. O cümlədən, faiz gəlirləri 11%, əməliyyat gəlirləri isə 40% artıb. Bank 2020-ci ili 2.2 mln manat mənfəətlə başa vurub.

2020-ci il “Rabitəbank” ücün kart biznesi sahəsində də uğurlu il olmuşdur. Hesabat dövrü ərzində bank kart sayını 148 minə çatdırmışdır ki, bu da ötən il ilə müqayisədə 80% artım deməkdir. İstənilən kafe və restoran, supermarket, yanacaqdoldurma məntəqələri və bütün ödənişlərə keşbek seçimlərini özündə birləşdirən Kartmane kartı ilə yanaşı, bank müştərilərinə əməkhaqqı və kredit kartları məhsullarını təqdim edib. Bankın ödəniş qəbulu şəbəkəsi 763 POS-terminal, bankomat şəbəkəsi isə 73 ATM təşkil edir.

Bütün bank xidmətlərini sürətlə rəqamsal sferada da genişləndirən “Rabitəbank”ın mobil tətbiqi “Rabita Mobile”-ın yükləmələrinin sayı 3 dəfədən çox artaraq 95 560-a çatıb. “Rahat bankçılıq” sloqanına sadiq qalan “Rabitəbank”ın mobil tətbiqinin reytinqi 4,5 (iOS) və 4,3 (Android) bala yüksəlib.

Cəmiyyətin tələb və ehtiyaclarınızı nəzərə alaraq “Rabitəbank” ötən il də korporativ sosial məsuliyyət prinsipləri əsasında bir sıra əməli fəaliyyətlər həyata keçirib. Ötən il həm “COVID-19”, həm də müharibə vəziyyəti ilə üzləşmiş xalqımızın çətin dövrdə yanında olan “Rabitəbank” Koronavirusla Mübarizə Fonduna 150 000 AZN, Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 AZN ianə köçürüb. Mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə iki məcburi köçkün ailəsinə ayrı-ayrılıqda 65 000 və 60 000 AZN birdəfəlik maddi yardım həyata keçirib. Bundan başqa 120-dən çox tənha yaşayan aztəminatlı ahıllara, əsgər və zabitlərimizə əsgər payı, qəhraman əsgərə təhsil xərclərin ödənilməsini əsirgəməyib. Özünüməşğulluq proqramında aktiv iştirak etmiş bank 51 aztəminatlı ailəyə öz kiçik bizneslərini qurmaqdan ötrü təmənnasız aktivlər təqdim edib.

1993-cü ildən hər zaman müştərilərin dəyişən ehtiyaclarına uyğunlaşan, keyfiyyətli xidmət və məhsullar təqdim edən “Rabitəbank” ölkənin 26 bankı sırasında aktivlərin həcmi, kredit və depozit portfeli, həmçinin kapitalına görə ən qabaqcıl 10 bankı sırasında yerini qorumaqdadır. Xidmət və ATM şəbəkəsini genişləndirmiş bank hal-hazırda 27 filial və şöbəsi ilə ölkənin 14 regionunda rahat bankçılıq xidmətləri təqdim edir. 820 nəfərlik böyük kollektivi ilə bank 2021-ci ildə də 200 mindən çox müştərisinə keyfiyyətli və əlçatan maliyyə xidmətlərini təqdim etməyə davam edəcək. Zəfər ilində daha da güclənərək “Rabitəbank” 2021-ci ildə də sahibkarlar ücün etibarlı tərəfdaş, ölkə əhalisi üçün sərfəli və innovativ ödəniş vasitələri və maliyyələşmə həlləri təklif edən ən rahat banklardan biri kimi qalmaga planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti