...

Mingəçevir Dövlət Universiteti mini-futbol üzrə şəhər turnirinin qalibi olub (FOTO)

Maliyyə Materials 20 Oktyabr 2021 12:24 (UTC +04:00)
Mingəçevir Dövlət Universiteti mini-futbol üzrə şəhər turnirinin qalibi olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2021-ci ilin 16 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələrindən ibarət komanda Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən və Azərbaycanın dövlət müstəqilliyinin 30-cu ildönümünə həsr olunan mini-futbol üzrə ali və orta ixtisas məktəb tələbələri arasında turniri birinciliklə başa vurub.

Turnir MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrinin iştirakı ilə Mingəçevir şəhər stadionunda təşkil edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov turnir qaliblərinin mükafatlandırma mərasimində iştirak edib. O, qalib komandaların üzvləri və tədbir iştirakçıları qarşısında geniş nitqlə çıxış edib.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və hərtərəfli inkişafında əvəzsiz rolunu vurğulayan İ.İsmayılov dahi liderin zərgər dəqiqliyi ilə hesablanmış strateji siyasi xəttinin uğurla davam etdirilməsi, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunduğunu, suverenliyinin gücləndiyini, beynəlxalq mövqeyinin möhkəmləndiyini və sürətlə inkişaf etdiyini söyləyib.

İcra başçısı çıxışdan sonra qalib komandaların üzvlərinə diplom və kubokları təqdim edib, onlara uğurlar arzulayıb.

Sonra şəhər rəhbəri idmançılar ilə birgə xatirə şəkili çəkdirib.

Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı tədbirlərə, o cümlədən idman yarışlarına cəlb edilməsinə xüsusi önəm verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti