Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib. Bununla yanaşı Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir.
“Bərpa olunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı var və Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat təşkil edir.
Bundan əlavə, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada, ilk növbədə, külək və günəş enerjisi nəzərdə tutulur. Qarabağda 10-dan çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur”, - deyə deputat bildirib.
Deputat vurğulayıb ki, ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilib.
2021-ci il 2 fevral tarixli Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır.
Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır.
Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi geniş tədbirlər və eyni zamanda beynəlxalq müstəvidə olan nüfuzunun nəticəsində COP29-un Azərbaycanda keçirilməsi qərara alınıb. Düşünürəm ki, Azərbaycan gələcəkdə bu istiqamətdə daha böyük uğurlar əldə edəcək”, - deyə o, əlavə edib.