...

Tullantıların təkrar emalı ətraf mühitin mühafizəsi üçün böyük əhəmiyyət kəsb edir - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 27 İyun 2024 15:19 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Tullantıların təkrar emalı müasir iqtisadiyyatda mühüm rol oynayır, həmçinin ətraf mühitin mühafizəsi üçün böyük əhəmiyyət kəsb edir.

Trend xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda keçirilən "Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı beynəlxalq forumda çıxışında deyib.

Onun fikrincə, tullantıların təkrar emal üsullarının artması, bu prosesə innovasiyaların tətbiqi resursların səmərəli istifadəsini təmin edir və xammala ehtiyacı azaldır.

Ətraf mühitin plastik tullantılarla çirklənməsinə toxunan nazir bunu ən ciddi ekoloji problemlərdən biri adlandırıb.

"Plastik tullantılar probleminin həlli üzrə addımlarda BMT-nin Ətraf Mühit Proqramının (UNEP) aparıcı rolunu qeyd etmək istərdim. UNEP ölkələr arasında əməkdaşlığı möhkəmləndirməklə plastik tullantılarla mübarizə üzrə qlobal təşəbbüs və proqramların inkişafını dəstəkləyir", - deyə M.Babayev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanda bu sahəyə xüsusi diqqət yetirilir. O xatırladıb ki, 2019-cu ildən qalınlığı 15 mikrona qədər olan polietilen paketlərin, eləcə də birdəfəlik plastiklərin idxalı, istehsalı və satışı qadağan edilib. Bazarlarda 15-50 mikron qalınlığında polietilen paketlər alıcılara müəyyən ödəniş qarşılığında təklif olunur.

Nazir tibbi tullantılar probleminə də diqqət yetirib.

"Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Bu səbəbdən tibbi tullantıların toplanması, çeşidlənməsi, daşınması və utilizasiyası üçün müasir üsul və texnologiyalar tətbiq etməliyik", - o deyib.

Nazir qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı və digər rayonların sakinlərinin maarifləndirilməsi, tullantıların çeşidlənməsi, akkumulyator, şüşə, plastik və digər növ xammalların toplanması və təkrar emala yönəldilməsi üçün praktikaların formalaşması istiqamətində geniş maarifləndirmə tədbirləri həyata keçirilir.

""Təmiz ölkəm", "Təmiz hövzələr" kimi təmizlik aksiyaları keçirilir. Bu kimi addımlar Sıfır tullantı konsepsiyasını həyata keçirməyə kömək edir. Baxış nöqtəmizi dəyişdirməklə və tullantıları qiymətli resurs kimi nəzərdən keçirməklə bir çox iqtisadi, ekoloji və sosial faydalar əldə etmək olar. Bu dəyişikliklər dövlət siyasəti, özəl sektorda innovasiyalar və vətəndaşların fəal iştirakını əhatə edən kollektiv səylər tələb edir.

2022-ci ildə Azərbaycan Türkiyənin təşəbbüsü ilə irəli sürülmüş "Bütün dünyada, ortaq evimizdə sıfır tullantı üzrə qlobal öhdəlik" Bəyannaməsinə qoşulub. Hazırda bu istiqamətdə Türkiyə ilə fəal əməkdaşlıq edirik və birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu cür əməkdaşlıq bizə tullantıların azaldılması və təkrar emalı sahəsində müsbət nəticələr əldə etməyə imkan verir", - deyə o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti