Bakı. Trend:
Qazaxıstan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 15 faiz azaltmağı hədəfləyir, ama şərti məqsəd isə beynəlxalq maliyyə institutlarının əhəmiyyətli dəstəyi ilə istixana qazı emissiyalarını 2030-cu ilə qədər 25 faiz azaltmaqdır.
Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ADA Universitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumda deyib.
"Hazırda metan emissiyalarının azaldılması üzrə irimiqyaslı layihələrin həyata keçirilməsi yolları fəal şəkildə işlənilir. Bu sahədə potensialın artırılması üzrə normativ-hüquqi baza və bir çox digər layihələr hazırlanır", - o qeyd edib.
Səfirin sözlərinə görə, Qazaxıstan qlobal iqlim dəyişikliyi kontekstində iqlim dəyişikliyi, ətraf mühit problemləri və su qıtlığı ilə bağlı bütün çətinliklərə ciddi yanaşır.
"Ölkə, beynəlxalq iqlim müqavilələri çərçivəsində götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində işləyir. Qəbul edilmiş dayanıqlı inkişaf məqsədləri, milli gündəliyin ayrılmaz bir hissəsidir və ölkə onların reallaşmasına sadiqdir", - Bayel vurğulayıb.
O bildirib ki, Qazaxıstan Respublikasının Prezidenti Qasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkə Xəzər dənizindəki ərazisində tarixi boyunca ilk dəniz mühafizə zonasını yaratmaq üzrə işlərə başlayıb ki, bu da onun ekosistemini və nadir məməli heyvanların, o cümlədən, Xəzər suitisinin yaşayış mühitini qorumaq məqsədini güdür.
Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya və Qazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığında kənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpozium keçirilir.
Alimlərin, eləcə də, yerli və xarici ekspertlərin iştirak etdiyi tədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlim dəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.