Bakı. Trend:
Biz tərəflərə dəstək göstəririk ki, onlar Paris sazişinin öhdəliklərini yerinə yetirsin.
Trend xəbər verir ki, bu barədə COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli lideri (UN Climate Change High-Level Champion) Nigar Arpadarai BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-Cop29) çərçivəsində keçirilən “TROİKA Missiya 1.5 üçün Yol Xəritəsi: Beynəlxalq Əməkdaşlığın Artırılması” adlı dəyirmi masada çıxışı zamanı deyib.
O qeyd edib ki, yerli icmalar və vətəndaş cəmiyyəti iqlim dəyişikliyi planlarına töhfə verə bilər.
“İqlim dəyişikliyi gələcək təhdid deyil. Artıq milyonlarla insanın həyatına təsir edən cari təhdiddir. Biz bunun qarşısını almaq, müzakirələr aparmaq üçün toplanmışıq. İqlim dəyişikliyi çempionları olaraq bizim üçün xüsusi sahələr var. Biz daha çox şəhərlər, vətəndaş cəmiyyəti ilə işləyirik.
COP29-a özəl sektoru cəlb etmək istəyirik. Onlar iqlim maliyyəsi ilə bağlı öhdəliklərini göstərməlidir. Özəl sektorun kapitalına ehtiyacımız var”,- deyə o bildirib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən PreCOP29 iclası keçirilir.
Konfrans “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” devizi ilə baş tutur.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer
Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin
qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of
Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan
olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür
razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin
martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.