...

TAP-ın hidrogenin nəqli sahəsində tədqiqatları açıqlandı (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 12 Dekabr 2024 10:15 (UTC +04:00)
TAP-ın hidrogenin nəqli sahəsində tədqiqatları açıqlandı (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) özünü Avropa yaşıl Sazişinin və Paris Sazişinin məqsədlərinin həyata keçirilməsində mühüm tərəfdaş kimi görür və potensial olaraq Avropa İttifaqını (Aİ) hidrogen və biometan kimi karbon neytral enerji mənbələri ilə təmin edir.

Bu barədə Trend-ə özəl müsahibəsində TAP-ın icraçı direktoru Luka Skiepatti məlumat verib.

"Məqsədimiz TAP-ı hidrogenin nəqli üçün uyğunlaşdırmaqdır. Biz mövcud infrastrukturun təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki baxımdan nə dərəcədə mümkün olduğunu aktiv şəkildə qiymətləndiririk. Bunun üçün orta və uzunmüddətli perspektivdə belə qarışıqların, o cümlədən, digər bərpa olunan qaz növlərinin nəqlinə hazırlığı təmin edəcək yol xəritəsi hazırlanıb", – deyə L.Skiepatti vurğulayıb.

O xatırladıb ki, 2021-ci ildə aparılan ilkin tədqiqat TAP-ın gələcəkdə təbii qaz və hidrogen qarışığının nəqli üçün texniki potensialını təsdiqləyib.

Bu nəticə boru kəmərinin enerji keçidinin tələblərinə uyğunlaşdırılması üçün əlavə perspektivlər açır.

"Hazırda boru kəmərlərinin materiallarının beynəlxalq laboratoriyada sınaqları keçirilir. Dəniz boru kəmərlərinin materiallarına dair nəticələr bu ilin dördüncü rübündə gözlənilir. Bu məlumatlara əsasən, TAP nəticələri qiymətləndirəcək və 2025-ci ildə əlavə sınaqların zəruriliyini müəyyənləşdirəcək. Bununla yanaşı, bu il yerüstü qurğular üçün boşluq analizinə başlamışıq və bu işlər gələn il davam etdiriləcək", – deyə L.Skiepatti bildirib.

"Bundan əlavə, TAP mövcud və yeni dəniz boru kəmərləri vasitəsilə hidrogenin nəqli üçün dünyanın ilk rəhbər prinsiplərinin hazırlanmasına yönəlmiş “H2Pipe” adlı birgə sənaye layihəsində iştirak edir", – deyə icraçı direktor qeyd edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri vasitəsilə hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstana və Bolqarıstana isə hər birinə 1 milyard kubmetr qaz tədarük edilir.

31 dekabr 2020-ci il tarixində Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya Azərbaycan qazının nəqli başlanılıb. TAP vasitəsilə Azərbaycan ilk dəfə olaraq tarixdə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına ixrac edib. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxış əldə etməklə Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti